“Azərbaycan Ordusu tezliklə əməliyyatlara başlaya bilər, Ermənistan və havadarları narahatdır”
    • 14-03-2023, 11:44
    • 304

“Azərbaycan Ordusu tezliklə əməliyyatlara başlaya bilər, Ermənistan və havadarları narahatdır”

“Son zamanlar Qarabağda vəziyyət gərginləşib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də müdaxilə cəhdlərini həyata keçirir. Ermənistan bir tərəfdən Qarabağı maliyyələşdirir, digər tərəfdən Qarabağda mövcud olan terrorçu silahlı ünsürlərə silah göndərməyə davam edir. Bu addım Azərbaycanın daxili işlərinə qarışmaqdır”. 

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Natiq Miri deyib. 

O bildirib ki, Cənubi Qafqazdakı varlığını Qarabağdakı varlığına bağlayan Rusiya da bu məsələyə çox ciddi şəkildə dəstək verir: “Bu silahların ötürülməsini müşayiət edir. Azərbaycan buna razı ola bilməz. Bu baxımdan Qarabağda ciddi böhran var. Bu böhran Azərbaycan və Ermənistan sərhədini aşaraq təxribatlara rəvac verib. Ermənistan bu yolla Azərbaycana təzyiq etmək istəyir. Onlar atəşkəsin pozulmasını sülh müqaviləsinin imzalanması yolunda əngəl və bəhanə kimi görür”. 

N. Miri qeyd edib ki, atəşkəsin pozulması və təxribatların törədilməsi Ermənistanda mövcud olan Avropa İttifaqının (Aİ) müşahidə missiyası tərəfindən qeyd olunaraq birtərəfli qaydada Azərbaycanın əleyhinə istifadə oluna bilər: “Ermənistanın əsas istəklərindən biri də budur. Bu isə Azərbaycana beynəlxalq səviyyədə təzyiq mexanzimləri yarada bilər. Beləliklə, guya bəzi beynəlxalq qrupların fakt araşdıran missiyaları Qarabağa, Laçın yoluna gətirilə bilər. Bu cür fikirlər, xülyalar mövcuddur. Təbii ki, bunlar boş xülyalardan başqa bir şey deyil. Çünki Azərbaycan müstəqil dövlətdir və dövlətimizin icazəsi olmadan heç bir beynəlxalq format özbaşına Azərbaycan ərazisində hər hansı bir missiya göndərə bilməz. 

Ermənistanda, onun havadar dövlətlərində və Rusiyada da böyük narahatlıq var ki, artıq Azərbaycan Ermənistanla nisbi olan sərhəddə nəzarət keçid məntəqəsini qurmaq ərəfəsindədir. Biz hər bir halda sərhəddə nəzarəti təmin etməliyik. Qarabağdakı icma Azərbaycanın təkidi ilə danışıqlara oturmazsa, yaxın perspektivdə terrorçu ünsürlərin Qarabağdan çıxarılması əməliyyatına başlaya bilər”.