“İranın məqsədi Arazın hər iki tayındakı azərbaycanlıları bir-birinə düşmən etməkdir” – Tofiq Zülfüqarov
    • 29-03-2023, 11:56
    • 572

“İranın məqsədi Arazın hər iki tayındakı azərbaycanlıları bir-birinə düşmən etməkdir” – Tofiq Zülfüqarov

“Millət vəkili Fazil Mustafa İranın bəzi radikal dairələrini çox açıq şəkildə, kəskin tənqid edirdi. Onun bu məsələdəki mövqeyi ictimaiyyətin əksər hissəsinin mövqeyi ilə üst-üstə düşür. İranın sözügedən dairələri Azərbaycanda həmişə gərginlik yaratmağa xidmət edən addımlar atırlar. İranın radikal ünsürlərinin əsas məqsədi ondan ibarətdir ki, Arazın hər iki tayında yaşayan xalqımız bir-birlərinə düşmən gözü ilə baxsınlar”.

Bunu News24.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. 

O bildirib ki, Cənubi Azərbaycanda və İranın digər bölgələrində yaşayan azərbaycanlılarda və digər millətlərin nümayəndələrində milli təfəkkürün, ideologiyanın oyanması prosesi müşahidə edilir: “İranın siyasi elitasındakı radikal ünsürlər bu prosesin qarşısını almaq üçün Azərbaycna istiqamətində gərginliyi artırmağa cəhdlər edirlər. Ənənəvi üsulları olan terror aktlarına üstünlük verirlər. 

Təbii ki, onlar istədikləri nəticəni əldə edə bilməyəcəklər. Çünki Azərbaycan xalqının, ictimaiyyətinin Cənubi Azərbaycanda yaşayan qardaşlarımıza qarşı münasibəti birmənalıdır, müsbətdir, dəyişməyib. Qardaşlıq münasibətlərini heç kəs poza bilməz. 

Əminəm ki, bu terror aktının təşkilatçıları məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar. Buna heç kimin şübhəsi olmasın. Hansısa terrorla Azərbayanı qorxutmaq mümkün deyil”.