İran öz aləmində Azərbaycana “xox” gəlir, CAVABINI da ALIR - TOFİQ ZÜLFÜQAROV
    • 15-11-2022, 14:01
    • 287

İran öz aləmində Azərbaycana “xox” gəlir, CAVABINI da ALIR - TOFİQ ZÜLFÜQAROV

“İranda hakimiyyətdə olan bir qrup siyasətçilər Azərbaycana qarşı qeyri-dost və hətta düşmənçilik siyasətini həyata keçirmək niyyətindədirlər. Bununla əlaqədar İran siyasi rejimi tərəfindən müəyyən addımlar atılır”. 

Bunu News24.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.


Politoloq əvvəlcə İranın təxribatlarından söz açıb: “İranın Araz çayının yaxınlığındakı hərbi təlimlərini nümunə deyə bilərik. Digər tərəfdən, bəzi təbliğat vasitələrindən istifadə etməklə Azərbaycana qarşı həmlələr edirlər. Bundan əlavə, İran tərəfi nümayişkəranə Ermənistanla dost və müttəfiq olmaları ilə bağlı bəyanatlar verir. 

Saxta bəyanatlardan biri də odur ki, guya Azərbaycan İranın şimal sərhədində İsraillə birgə bəzi təhlükələr yaradır. Fikrimcə, onların məqsədi İranın nüfuzunu artırmaqdır. Amma, Azərbaycan rəhbərliyi göstərib ki, bu cür hədə-qorxulara fikir vermir”.

Ekspertin fkrincə, Azərbaycanın indiki uğurları, o cümlədən ərazi bütövlüyünün bərpası hər kəs üçün cəlbedicidir: “Azərbaycanın inkişaf sürəti, əldə olunan nailiyyətlər bir çox dost olan ölkələrdə müsbət qarşılanır. Amma İranın siyasi elitasında düşmənçilik əhval ruhiyyəsini təbliğ eləyən dairələrdə xoş qarşılanmır. Qeyd edim ki, İranda Azərbaycana müsbət münasibəti olan dairələr də var. Ancaq düşmən aurasında olan qüvvələr Azərbaycana qarşı riyakar siyasəti formalaşdırırlar.  Ötən il bir neçə ay ərzində İran-Azərbaycan münasibətlərində bu gərginlik var idi, sonradan səngidi. İndi isə yeni dalğa təşkil olunub”. 

O qeyd edib ki, bu dalğa da müvəqqəti xarakter daşıyacaq: “Çünki İranda yaxşı anlayırlar ki, Azərbaycan tək deyil, Türkiyənin hərbi müttəfiqidir. Digər tərəfdən İranın ətrafında olan problemlər əsasən, cənubdadır. Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatları İranla əlaqədar bir yerdə xüsusi hərbi vəziyyəti elan ediblər, ciddi hərbi addımlar atıblar. İran-İsrail gərginliyi də bəllidir. İranın daxilində olan problemlər göz qabağındadır. Bu baxımdan Azərbaycana qarşı hansısa təzə bir cəbhəni açmaq İranın marağında olan məsələ deyil. İran nəsə etmək iqtiadarında deyil, sadəcə Azərbaycana “xox” gəlir. Zənnimcə, İranın bu addımları həm iqtisadi, həm də siyasi baxımdan məntiqli deyil və uzun çəkməyəcək. İranın son həmlələri Azərbaycan ictimaiyyətinin kəskin cavabı ilə nəticələndi. Bu cavablar lazımi səviyyədədir. İranın siyasi zamanla elitası anlayacaq ki, Azərbaycanı qorxutmaq mümkün deyil”.