DİN Goranboyda evə basqınla bağlı məlumat yayıb - YENİLƏNİB
    • 7-04-2023, 09:53
    • 189

DİN Goranboyda evə basqınla bağlı məlumat yayıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda evə silahlı basqınla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov News24.az-a bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü Qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş. Əliyeva 2006-cı il təvəllüdlü A. Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb”, - o deyib.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.
***

08:53

Goranboyda silahlı insident olub.

News24.az xəbər verir ki, Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Məmmədov Surət Mətləb oğlu qardaşı Məmmədov Samir Mətləb oğlu, anası Əliyeva Şəfiqə Əli qızı və atası Məmmədov Mətləb Soltan oğlu ilə birlikdə həmin qəsəbədə yaşayan Asəf Yunislinin evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi odlu silahdan 1967-ci il təvəllüdlü Zamanov Elxan Yunus oğluna 1 dəfə atəş açıb.

Surət Məmmədov həmçinin, həmin silahın qundağı və dəyənəklə sonuncu ilə yanaşı, onun ailə üzvləri Yunisli Asəf Elxan oğlu və Zamanova Maniyə Aydın qızını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanıb.