Bakıda kosmetoloq məhkəmə qarşısına çıxarıldı – CİNAYƏT İŞİ
    • 10-04-2023, 13:20
    • 573

Bakıda kosmetoloq məhkəmə qarşısına çıxarıldı – CİNAYƏT İŞİ

Bakıda fəaliyyət göstərən “Ayan” klinikasında qadından 22 min manat alaraq geri qaytarmayan kosmetoloq Günay Rəhimli məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, 22 saylı şəhər poliklinikasında çalışan kosmetoloq Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.

41 yaşlı Günay Rəhimli Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Eləcə də ona yaşayış yerini tərk etməmək, kütləvi tədbirlərə qatılmamaq yasaqları  qoyulub.

Qeyd edək ki, kosmetoloqun faizlə pul verən Səbinə Heydərova adlı qadından sələmə pul götürdüyü və həmin vəsaiti geri qaytarmadığı bildirilib. Belə ki, həmin qadın kosmetoloq Günayın müştərisi olub və aralarında münasibət yaranıb. Günay ona gözəllik salonu açmaq, kosmetoloji avadanlıqlar alacağını deyərək faizlə pul götürüb. Lakin daha sonra o, aldığı pulları geri qaytarmayıb və tərəflər arasında münaqişəli vəziyyət yaranıb. S.Heydərova bir neçə dəfə kosmetoloqun işlədiyi klinikaya gələrək səs-küy salmaqla pullarını tələb edib.

Taleh BAĞIROV