"Övladları eyni gündə həmin yuxunu görüblər"
    • 8-05-2023, 13:20
    • 257

"Övladları eyni gündə həmin yuxunu görüblər"

"Son günlərdə sizin nələr çəkdiyinizi bilirəm. Oqtayın mərasimlərini yola verdiniz, onun anası Elmira xanımın, atası Vidadi müəllimin də qayğısına qalırsınız. Oqtayın qəbir daşını düzəltdirdiniz və evdə övladlarınızı ovundurdunuz. Bütün bunlar sizin necə iradəli və möhkəm qadın olduğunuzu göstərir. Özünüzə qapılmağa ixtiyarınız yoxdur".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramında deyib. Aktrisa Əməkdar artist Dilarə Əliyeva təskinlik verərək, həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından söz açıb:

"Bu dərd sizə bəsdir. Siz dağ kimi bir insanı, can, baş, ömür-gün yoldaşınızı, övladlarınızın atasını itirdiniz. Oqtay çox cavan getdi. Dilarə Oqtayı yaşatmalıdır. İşinizi yarımçıq qoya bilməzsiniz. Bilirəm ki, bu proyektlərin hamısında Oqtayın əli, fikri, sizə olan məsləhətləri var. Əgər siz işlərinizi saxlasanız, başqa bir dünyanın insanı olsanız, hər şeyi bağlasanız, başqalarının fikirlərinə önəm versəniz, yaxşı olmaz.

Sizin ixtiyarınız yoxdur, inanın mənə, davam etməlisiniz bu işləri. Ölənlə heç kəs ölməyib. "Quran"da yazılıb: bu məxluqu ki, sevə-sevə mən yaradıram, onun özünü məhv etməyə ixtiyarı yoxdur. Siz öz işinizi davam etməlisiniz. Əksinə yeni layihələr etməlisiniz, incəsənət xadimləri ilə sıx əlaqədə olmalısınız".

A.Bəşirqızı Dilarə və Oqtayın qızlarının gördüyü yuxudan danışıb:

"Hələ yadınızdan çıxartmayın, sizin kiçik qızınız Banu var. Banunun bu dəqiqə hər tərəfli sizə ehtiyacı var. Onun da ata ehtiyacını ödəməlisiniz, ata yoxluğunu itirməlisiniz, bildirməməlisiniz. Az öncə mənə elə bir məsələni danışdın ki, tüklərim biz-biz oldu.İki bacı (Banu və Aytən - red.) eyni gecədə eyni yuxunu görüblər. Aytən ər evindən anasına zəng edib danışıb. Sən demə eyni yuxunu kiçik qızı Banu da görüb. Bütün bunların hamısı Allahın sənə olan işarələri, təsginliyidir. Bunu qiymətləndirin, çox xahiş edirəm".

Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. /axşam/