Bu sərəncam humanizm və mərhəmətin təzahürüdür - Əliməmməd Nuriyev
    • 8-05-2023, 15:17
    • 201

Bu sərəncam humanizm və mərhəmətin təzahürüdür - Əliməmməd Nuriyev

"Prezident İlham Əliyev daim ölkədə humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində mühüm addımlar atır".
 
Bunu tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev News24.az-a açıqlamasında deyib.  

Hüquq müdafiəçisi bildirib ki, prezident növbəti dəfə də humanizm nümayiş etdirərək məhkumlara, onların ailələrinə sevinc bəxş edib:

"Biz dövlət başçısının 2003-cü ildən bu günədək qəbul etdiyi hər bir qərarda, imzaladığı sənədlərdə onun siyasi iradəsinin şahidi oluruq. Sirr deyil ki, Azərbaycan müstəqillik qazandıqdan bugünədək bir sıra əfv sərəncamları imzalanıb. Bu dəfəki sərəncam sayca 69-cudur.  Əlbəttə ki, bu, əfv sərəncamları içərisidə ən genişmiqyaslı sərəncamdır. Çünki bu sərəncam 801 nəfəri əhatə edib. Bildiyimiz kimi, əfv sərəncamı ilk dəfə məhz Ulu Öndərin təşəbbüsü ilə olub. Ona görə də, cəmiyyətdə Ulu Öndərimizin 100 illiyi ilə bağlı böyük gözləntilər var idi".  

Ə.Nuriyev qeyd edib ki, azad edilmiş şəxslərin siyahısına baxdıqda cəmiyyətin ayrı-ayrı təbəqələrinə aid şəxslərin olduğunu görə bilərik:

"Təbii ki, siyahıda siyasi məhbusların da adına rast gəlinir. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bütövlükdə, hər bir kəsin əfv sərəncamında nəzərə alınması mümkün deyil.  Bu günə qədər Prezidentin imzaladığı əfv sərəncamlarında ömürlük azadlıqdan məhrum olunmuş 40 nəfərə qədər insan azad olunub. Ola bilsin ki, bu dəfəki sərəncamda da ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olsun. Amma həmin şəxslər azad olunarkən, onların cəmiyyət üçün nə qədər təhlükəli olub-olmaması da araşdırılır.  Əfv sərəncamları və amnistiyalar ölkədə vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir”.

Aynurə Pənahqızı