Tələbələrə MÜHÜM XƏBƏR: hərbi xidmətdən sonra... - Professordan TƏKLİF
    • 12-05-2023, 17:44
    • 538

Tələbələrə MÜHÜM XƏBƏR: hərbi xidmətdən sonra... - Professordan TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi təklifi ilə çıxış edib. “Hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır. Amma kollec tələbələrinə möhlət verilmir. Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın. Bu məsələyə ən azı növbəti illərdə baxaq”, - deputat vurğulayıb.

Elm və Təhsil Nazirliyi də bu məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eləcə də digər aidiyyəti qurumlara müraciət ünvanlayıb. Nazir müavini İdris İsayev bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, söhbət tam möhlət hüququnun verilməsindən getmir. “Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm”, - nazir müavini vurğulayıb.


Əməkdar elm xadimi, professor Şahlar Əsgərov News24.az-a açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələni ictimaiyyət nümayəndələri ilə geniş müzakirə etməlidir.

Professor təklif edib ki, ali məktəblərə qəbul prosesinin hərbi xidməti başa vurduqdan sonra aparılması daha məqsədəuyğundur:

“Bu, çox vacib və incə məsələdir. Hesab edirəm ki, bununla bağlı İsrail təcrübəsindən faydalanmaq olar. İsraildə orta məktəbi bitirən gəncləri hərbi xidmətə aparırlar, oranı başa vurduqdan sonra isə kollec və universitet seçimi edirlər. Onların bununla bağlı böyük təcrübələri var. Azərbaycanda da bu sistem tətbiq oluna bilər. Mənə görə, şagirdlər orta məktəbi bitirən kimi universitetə və ya kollecə daxil olmamalıdır. Çünki orta məktəbi bitirən şəxs hələ hər şeyi yaxşı dərk etmir, gələcəkdə kim olacağını, hansı sahədə çalışacağını düzgün müəyyənləşdirə bilmir. Ona görə də gənclər hərbi xidmət dövründə təhsil alıb kim olacaqları ilə bağlı suala cavab tapmalıdır. Yalnız bundan sonra onlar gələcəkləri ilə bağlı uğurlu seçim edə bilərlər. O gənclər ki, ürəyinin səsi ilə universitet selçiblər, onlar öyrənirlər, uğurlu olurlar. Məcburiyyət qarşısında qalıb seçim edənlərlə bağlı isə bunları söyləmək çətindir”.

Turan