Eşitmə Məhdudiyyətli Şəxslərin I Mədəniyyət Festivalı keçiriləcək
    • 23-05-2023, 12:30
    • 323

Eşitmə Məhdudiyyətli Şəxslərin I Mədəniyyət Festivalı keçiriləcək

İyunun 4-də Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş
Eşitmə Məhdudiyyətli Şəxslərin I Mədəniyyət Festivalı keçiriləcək


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi il baş tutacaq festival Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. 

“Ümid var” İnklüziv Yaradıcılıq Qrupu, “Deaf Community” MMC, “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda eşitmə məhdudiyyətli şəxslər incəsənətin müxtəlif növlərindəki bacarıqlarını jest dilində göstərəcəklər. 

Qeyd edək ki, Azərbaycan əhalisinin demək olar ki, 5 faizini eşitmə və danışma məhdudiyyətli  şəxslər təşkil edir. Hər 3 ailədən biri bu problemlə qarşılaşır.

Bu layihə onların “jest dili”nin  düzgün tətbiqinə, təbliğinə, eşitmə məhdudiyyətli hər bir şəxsin cəmiyyətdə inteqrasiyasına təkan verecək.

İnklüziv cəmiyyətə tövhə olacaq festivalda ölkəmizdə ilk dəfə “Arşın mal alan” operettasından bir parça və “Tıq-tıq xanım” tamaşaları eşitmə məhdudiyyətli şəxslər və tanınmış aktyorlar tərəfindən jest dilində oynanılacaq.

Festivalda eşitmə məhdudiyyətli şəxslərin rəsm bacarıqları, müxtəlif əl işləri, aktyorluq, rəqs bacarıqları ilə yanaşı model kimi podiumdakı bacarıqları da sərgilənəcək.

Eşitmə məhdudiyyətli modellər modelyer Anara Zakirlinin “Zərəfşan” kolleksiyasını podiumda təqdim edəcəklər. 

Festivalda səhnəyə çıxan eşitmə məhdudiyyətli şəxslərə tanınmış sənətçilər Alim Qasımov, Fərqanə Qasımova, Röya Ayxan, Lalə Məmmədova, Oksana Rəsulova, reper Promete, stilist Anar Agakişiyev, şairə Nigar Həsənzadə, Azərbaycanın məşhur rəqs mərkəzi “Nero Dance Center” heyəti dəstək verəcək.

İnkluziv düşüncənin formalaşmasına töhvə olacaq festivalda eşitmə məhdudiyyətli şəxslər bir çox nömrələri “Sənət Uşaq və İncəsənət Mərkəzi” və Müasir Rəqs Akademiyasının tipik uşaqları ilə oynayacaqlar.

Festivalın əsas dəstəkçiləri isə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi, “Eşitmə və Nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai birliyi, “Beauty Academy”, “3 nomrəli Uşaq Gənclər İnkişaf Mərkəzi”dir.