“Dedi, pulu qaytarmasanız, uşağın baş daşını sökəcəm” — ŞOK TƏFƏRRÜAT
    • 5-06-2023, 18:16
    • 3 968

“Dedi, pulu qaytarmasanız, uşağın baş daşını sökəcəm” — ŞOK TƏFƏRRÜAT

Ötən ilin dekabr ayında Ələt-Astara magistral yolunun Salyanın Qardili kəndi ərazisindən keçən hissəsində “VAZ 2103” markalı avtomobillə velosiped sürən uşaqları vuran 1997-ci il təvəllüdlü Mirzəyev Cəbrayıl Elşah oğlu məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı sürücü Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, C.Mirzəyev magistralda hərəkətdə olarkən qarşısına velosipedlə çıxan kənd sakinləri - 2009-cu il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlunu vurub. Əfqan aldığı xəsarətlərdən vəfat edib, Murad isə uzun müddət müalicə alıb.

Məhkəmədə sürücü uşaqların yola qəfil çıxdığını və qəzadan yayınmağın mümkünsüzlüyünü deyib. O, hadisə vaxtı öz avtomobilinin də aşdığını bildirib. C.Mirzəyev əlavə edib ki, vəfat edən azyaşlının yas mərasimini və dəfn xərclərini ödəyib. Həmçinin Muradın müalicəsini öz üzərinə götürüb. 

Mərhum Əfqan Abbasovun atası isə Cəbrayılın çəkdiyi xərcləri geri tələb etdiyini deyib və ona ağır cəza tələb edib: “18 dekabr 2022-ci il tarixdə oğlumla qardaşım oğlunu kəsici alət olan laqunda gətirmək üçün göndərmişdim. Təxminən 20-30 dəqiqə keçdi, uşaqlar gəlmədikləri üçün oğlum Əfqanın mobil telefonuna zəng etdim. Telefona sonradan adını bildiyim Cəbrayıl cavab verdi və uşaqları Ələt-Astara İran sərhəddi yolunda avtomobillə vurduğunu bildirdi. Tez hadisə yerinə getdim, bu zaman Cəbrayıl hadisə yerində idi. Yolun kənarında çökəklikdə VAZ-2103 markalı avtomobilin və oğluma məxsus velospedi əzilmiş vəziyyətdə gördüm. Uşaqların Salyan xəstəxanasına aparıldığını dedilər. Tez xəstəxanaya getdim, oğlum Əfqan həmin gün xəstəxanada vəfat etdi. Uşağı Salyan rayonu Qardili kənd qəbrstanlığında dəfn etdik. Cəbrayıl uşaqları vuran vaxt yüksək sürətlə təxminən 130-km/saat sürətlə hərəkətdə olub, həmçinin, sərxoş olub. Cəbrayıl mütəmadi olaraq içki içir.

Əfqanın yası üçün 7-nə kimi 2470 manat pul xərclənib, “qırx” mərasimində isə 750 manat pul xərclənib. Cəbrayılgil bizə cəmi 4800 manat pul veriblər. Lakin, sonradan mənə xəbər göndərərək həmin pulu geri verməyimi tələb etdilər. Hətta kənd üzrə inzibati ərazi nümayəndəsi Amidin yanına gedərək bildiriblər ki, pulu qaytarmasam, mərhum oğlum Əfqanın başdaşını sökəcəklər. Odur ki, Cəbrayıla ən ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.

Məhkəmədə Əfqan Abbasovun atası Ramil Abbasovun sərxoşluq və sürət həddi ilə bağlı dedikləri təsdiq edilməyib. Həmçinin onun şikayətçi olması nəzərə alınıb.

Salyan Rayon Məhkəməsində hakim Adil Vəliyevin sədrliyi ilə keçirilən proses mayın 23-də yekunlaşb. Məhkəmənin hökmü ilə ağır qəza törətmiş sürücü Cəbrayıl Mirzəyev 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəsisəsinə gönərilib.

Taleh BAĞIROV