Narkotik çəkib avtomobil sürən şəxs saxlanıldı
    • 6-06-2023, 11:39
    • 152

Narkotik çəkib avtomobil sürən şəxs saxlanıldı

Etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs inzibati qaydada həbs edilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İyunun 1-də saat 22 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolunda yerləşən postda nişanın tələbini pozan “Mercedes” markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı sürücü, Yevlax rayon sakini Şahin Mustafayevin avtomobili etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332.2-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilərək Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Abşeron rayon məhkəməsinin qərarı ilə Ş.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən inzibati qaydada həbs edilib.