“Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami muzeyinə hədiyyə edildi
    • 16-06-2023, 18:06
    • 649

“Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami muzeyinə hədiyyə edildi

Türkiyə Cümhuriyyətinin Bakıdakı mədəniyyət məsələləri üzrə attaşesi Muhittin Macid və Din xidmətləri attaşesi İhsan Açıq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Bu barədə News24.az-a AMEA-nın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, qonaqları muzeyin zəngin ekspozisiyası ilə tanış edən Ekspozisiya şöbəsinin elmi işçisi İnarə Səfiyeva onlara Azərbaycan ədəbiyyatı və mədəniyyətinin müxtəlif inkişaf dövrlərinə aid məlumatlar verib, maddi mədəniyyət nümunələrini, o cümlədən əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, müxtəlif dövrlərdə yazılmış əsərlərə çəkilmiş tablo və illustrasiyaları diqqətə çatdırıb.

Vitrinlərdə mühafizə edilən şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlərin müxtəlif nəşrlərini və onlar barəsində olan tədqiqatları izləyən qonaqlar sonda öz təəssüratlarını muzeyin “Rəylər kitabı”nda bölüşüblər.

Qonağın rəy kitabında da qeyd etdiyi kimi “diqqət və qayğı ilə mühafizə edilən möhtəşəm əsərlərin sırasına” Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi” də daxil edilib. Faksimile Türkiyə mədəniyyət və turizm nazirliyi nəzdindəki Əlyazma əsərləri qurumu tərəfindən hazırlanıb.