Bakıda ikinci illik beynəlxalq ingilis dili üzrə təlim konfransı keçirildi
    • 16-06-2023, 18:53
    • 264

Bakıda ikinci illik beynəlxalq ingilis dili üzrə təlim konfransı keçirildi

Bakıda ikinci illik beynəlxalq ingilis dili üzrə təlim konfransı keçirilib.

News24.az xəbər verir ki, ABŞ səfirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetinin nümayəndələri 500-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün iki günlük seminar və konfransın açılışını ediblər.

"İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar" adlı konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 14 həftəlik Magistr səviyyəsində onlayn İngilis Dili Təlim Sertifikat Proqramının üçüncü buraxılışının kulminasiya nöqtəsidir. Tədbir Azərbaycanın bir sıra regionlarından olan müəllimləri bir araya gətirib və iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmyaşıd pedaqoqların peşəkar şəbəkəsini qurmaq üsullarını inkişaf etdirmək imkanı yaradıb. Onlar, həmçinin kommunikativ təlim metodları, sinifdə texnologiyadan istifadə, kurrikulumun hazırlanması kimi mövzuları müzakirə ediblər.

2020-2022-ci illərdə təxminən 200 azərbaycanlı ingilis dili müəllimi, bu il isə, daha 100 nəfər proqramı başa vurub. Tədbirdə Azərbaycanın orta məktəblərindən də ingilis dili müəllimləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Salman Hacı iştirakçıların Azərbaycan məktəblərində ingilis dilinin tədrisinin yaxşılaşdırılması istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirib: "Mən çox şadam ki, Şimali Karolina Universitetini bitirmiş 100 müəllim-şagirddən çoxu bu gün buradadır. İngilis dilini bilmək mühüm bacarıqdır və Azərbaycanın gələcək nəslini qlobal səhnəyə çıxarmaq üçün sizin rolunuz çox vacibdir. Amerika universitetlərindən birində magistratura kursunu bitirmək də böyük nailiyyətdir və siz öz əla işinizlə fəxr etməlisiniz". 

Konfransda Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da çıxış edib. "Azərbaycanın ümumi təhsil sistemində 10 minə yaxın ingilis dili müəllimimiz var. Hazırda Təhsil İnstitutu əvəzsiz beynəlxalq təcrübələrdən istifadə edərək ingilis dili dərsliklərinin yenilənməsi ilə məşğuldur. Buna görə də müəllimlərimizin yenilənmiş dərsliklərdəki məzmunu effektiv şəkildə şagirdlərə ötürərək tədris etməkləri üçün lazımi bacarıqlara malik olmaqlarını təmin etmək mütləq zərurətdir. Ona görə də ingilis dili müəllimlərinin təkmilləşdirilməsi sahəsində son üç ildə görülən işlər mühüm əhəmiyyət kəsb edir. Biz ingilis dili müəllimlərimizin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş birgə səyləri dərindən qiymətləndiririk".
Şimali Karolina Dövlət Universitetində qlobal təhsil və məşğulluq üzrə prorektoru Maykl Bustl Azərbaycan müəllimlərinə təşəkkür edib:

“Azərbaycanda gələcək nəslin tədrisində həvəsiniz, yaradıcılığınız və yorulmaz enerjiniz üçün bütün Azərbaycan müəllimlərinə təşəkkür edirəm. Gənclər ingiliscə danışmağı öyrənənədə və yaxşı danışanda bu, onlara dünyanı açır. Biz, Şimali Karolina Dövlət Universiteti olaraq sizin cəmiyyətinizi və dünyamızı daha yaxşı bir yerə çevirmək üçün bizə töhfə vermək fürsətini yaratdığınıza görə minnətdarıq”.

ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu layihəni dördüncü dəfə 2023-cü ildən 2024-cü ilə qədər davam etdirmək niyyətindədir.  

"Bu tərəfdaşlıq Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələndi və Azərbaycanın bütün təhsil sektorunda ingilis dilində səlis danışıq səviyyəsini artırmaq məqsədini dəstəklədi.  ABŞ səfirliyinin bu və digər ingilisdilli proqramlarının bir neçə məzunu beynəlxalq konfranslarda, mübadilə proqramlarında uğurla iştirak etmiş və digər diqqətəlayiq nailiyyətlər əldə etmişlər", ABŞ səfirliyi bildirib.