İrəvan bu məlumatı bizə təqdim edir — Ombudsman
    • 25-06-2023, 15:20
    • 221

İrəvan bu məlumatı bizə təqdim edir — Ombudsman

“Ombudsman olaraq, beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı müraciətlər etmişik. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar”.

News24.az bildirir ki, bu sözləri “Report”a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

İlk gündən bu məsələni diqqətdə saxladığını söyləyən Ombudsman onların ailə üzvləri ilə görüşdüyünü və bununla bağlı mütəmadi olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş ofisinə müraciət etdiyini vurğulayıb.

“Biz BQXK-nin Bakı ofisi ilə mütəmadi əlaqədəyik və tələb edirik ki, bizim Ermənistanda qeyri-qanuni saxlanılan və işgəncələrə məruz qalan hərbi qulluqçularımızın hüquqları təmin olunsun. Onlara qarşı qeyri-insani rəftar beynəlxalq hüquq normalarına ziddir. Hərbi qulluqçularımızın tibbi müayinədən keçməsi, tərcüməçi və vəkillə təmin olunması, beynəlxalq normalara uyğun saxlanması vacib şərtlərdəndir”.

S.Əliyeva Azərbaycandan fərqli olaraq Ermənistanın əsirlərlə davranışında beynəlxalq hüquq normalarına riayət etmədiyini bildirib:

“Amma biz Azərbaycanın sərhədini qanunsuz olaraq keçmiş və ölkəmizin ərazisində terror-təxribat törətməyə cəhd göstərərkən saxlanılan ermənilərə qarşı öhdəliyimizə götürdüyümüz bütün beynəlxalq normalara riayət edirik. Eyni zamanda, onlar həm mənim tərəfindən qəbul olunur, həm də Ombudsmanın Milli Preventiv Qrupuna daxil olan həkim, psixoloq, sosial işçi tərəfindən onların hüquqları tam təmin edilir. Biz bununla bağlı geniş ictimaiyyətə heç nədən çəkinmədən məlumatlar təqdim edirik. Lakin təəssüflər olsun ki, Ermənistan bu məlumatları təqdim edə bilmir. Bu da özü böyük bir göstəricidir”.

“Biz mütəmadi olaraq bu məsələni həm Dünya Ombudsmanlar Assosiasiyasına, həm də üzv olduğumuz bütün beynəlxalq və regional təşkilatların rəhbərlərinə çatdırırıq və onlardan bu məsələyə qəti etirazlarını bildirmələrini tələb edirik. Ombudsman olaraq, beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı müraciətlər etmişik. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar”, – Ombudsman Səbinə Əliyeva əlavə edib.