Fazil Mustafa 24 medal qazanan atletlərimizin uğurlarından YAZDI
    • 25-06-2023, 15:39
    • 296

Fazil Mustafa 24 medal qazanan atletlərimizin uğurlarından YAZDI

Millət vəkili, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Fazil Mustafa Azərbaycan Xüsusi Olimpiya komandasının Dünya Xüsusi Yay Olimpiya Oyunlarında qazandığı uğurlar barəsində yazıb.

News24.az həmin yazını təqdim edir:

“Bu ilin 15-25 iyun tarixində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan Xüsusi Olimpiya komandası 6 qızıl, 5 gümüş və 13 bürünc medal qazanmışdır. Bu yarışlara dünyanın 200 ölkəsi qatılmış və toplamda 24 medal qazanan atletlərimiz MDB məkanında ən yüksək nəticə göstərmişlər.

Xatırladaq ki, 4 il öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən olimpiya oyunlarında da komandamız 6 qızıl, 10 gümüş, 9 bürünc medal qazanmışdı. Bu stabil nəticəni Əbu-Dabidə 65 idmançı, Berlində isə 49 idmançı 10 idman növündə əldə etmişdir. Atletlərimizin böyük əksəriyyəti təhsil sistemimizin tam orta, inklüziv, xüsusi yardımçı məktəb və internatların şagirdlərindən ibarətdir. Komandamızın uğurunda ən böyük pay sahibi olan Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev, komitənin məsul şəxsləri və fədakar müəllim-məşqçilərimizdir. Bu yarışlarda Azərbaycanımızın adını yüksəltmiş, sağlamlığı məhdud olsa da qəlbi və iradəsi məhdud olmayan atletlərimizə və onları qələbə üçün təşkilatlandıran və ruhlandıran nümayəndə heyətimizə təşəkkür edirəm. İnanılmaz çətin şərtlərdə və subyektiv maneələrlə qarşılaşmamıza baxmayaraq komandamız böyük iradə nümayiş etdirmişdir. Səhhətimdə yaranmış problemlərlə bağlı bu ilki Yay Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmağa məcbur olsam da, idmançılarımızın bütün yarışlarını həyəcanla izləyirdim və nəticələrə sevinirdim. Bu yarışlarda komandamızın uğurlarını işıqlandıran Az.Tv, İTV, Xəzər, ATV və başqa media quruluşlarına da təşəkkürümü bildirirəm. Əqli sağlamlığı məhdud bu insanlara daha da diqqətimizi artırmaq, onların sosiallaşması imkanlarını genişləndirmək üçün idman ən vacib vasitələrdən biridir. Xüsusi Olimpiya hərəkatının da məqsədi budur”.