Milli Ordumuzun ilk şəhidi: Son gülləsinə qədər vuruşdu...
    • 26-06-2023, 12:23
    • 659

Milli Ordumuzun ilk şəhidi: Son gülləsinə qədər vuruşdu...

Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Akif Nurullah oğlu Verdiyev qonşu Sarıcallı kəndindən Adilə Göyüş qızı ilə ailə həyatı quranda düzün düz vaxtları idi. Xoş niyyətlə qurulan və gələcəyə böyük arzularla baxan gənc ailəyə Allah-təala da xoş nəzərlərlə baxdı: Xaliq, Mais, Gülnarə və Malik. 3 oğul, 1 qız payı bəxş elədi uca yaradan onlara. Beləcə, bu xoş dövranda bəxtəvər həyat yaşayırdılar... 

Mənfur qonşularımızın bədnam əməlləri hamı kimi bu ailənin də xoş gününü-güzəranını pozdu. “Böyük Ermənistan” yaratmaq xülyasına düşən azğınlaşmış ermənilər torpaqlarımıza diş qıcamağa başlayanda düşmən çəpəri olan lay divar cüssəli igidlərimiz ayağa qalxıb silaha sarıldılar. Düşmənin aşını, suyunu vermək üçün qanlı-qadalı hərb meydanına atıldılar. Belə mərd vətən oğullarından biri də Mais idi. Mais müstəqillikdən sonra yaranan Azərbaycan Ordusunun ilk əsfərlərindən, ilk şəhidlərindən oldu. 

Mais Akif oğlu Verdiyev Cəbrayıl rayonunun 20 oktyabr 1969-cu ildə Soltanlı kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə kəndlərindəki orta məktəbdə təhsil almışdır. 

Orta məktəbi bitirdikdən sonra 131 nömrəli Sarıcallı kənd texniki peşə məktəbində traktorçuluq ixtisasına yiyələnmişdi. 1987-ci ilin payızında Sovet ordusu sıralarına yollanmışdı. Qazaxıstanın Alma-Ata şəhərində iki il hərbi xidmət keçmişdi. Elə həmin xidmət dövründə də rabitəcilik kursunda oxumuşdu.

Sovet ordusundakı xidmətini başa vurduqdan sonra Mais dinc həyata başlamaq - ailə həyatı qurmaq və bacardığı peşənin dalınca getmək, özünə halal yolla dolanışıq, rahat gün-güzəran qurmaq qərarına gəlir. Belə də edir. O vaxt qızğın işlər gedən Araz su elektrik stansiyasında işə düzəlir, öz qazandığı peşəsinə uyğun olaraq ekskavatorçu kimi əməkk fəaliyyətinə başlayır. Bu minvalla işləyib həm evdə ata-anasına, həm də bacı qardaşlarına həyan durmaq, onlara köməklik etmək istəyirdi, həm də gələcəkdə ailə qurub, özü üçün binə güzərlik etməyi düşünürdü. Beləcə illər bir-birini əvəz elədikcə Mais də öz arzularına doğru yaxınlaşırdı. Ailə həyatı da qurmuşdu. İndən belə özünün şəxsi həyatı, evi-eşiyi üçün daha yaxşı, canla-başla işləməyi planlaşdırmışdı... Lakin namərd ermənilərin getdikcə azğınlaşması artıq onun səbir kasasını daşdırıb yerindən-yurdundan etməyə başladı. 1992-ci ilin sonlarında rayon hərbi komissarlığına gəldi, milli ordu sıralarında xidmətə başladı. Sovet ordusuunda bitirdiyi rabitəçilik sənətini milli orduda davam etdirdi, rabitəçi kimi hərbi paradların dili ilə düşmənin strateji cəhətdən əhəmiyyətli mövqelərini xəbər verir, düşməni zərərsizləşdirmək üçün lazımi siqnalları əsgərlərimizə ötürürdü. 

1993-cü ilin 11 aprelində Sirik kəndi yaxınlığındakı Göygədik İstiqamətində gedən qızğın döyüşlər zamanı Mais Akif oölu Verdiyevin taleyi də məchulluğa düşdü. Döyüş əməliyyatlarında ordumuza hərbi parolların dili ilə müəyyən strateji istinadgahlar verən, nəyin harada olması haqda dəqqi məlumatlar ötürən Mais Verdiyevin özü barədə isə heç bir informasiya almaq mümkün olmadı. Komandirlərinin dediyinə görə, o, son gülləsinə qədər vuruşub. Güllə səsi kəsiləndə özüylə də əlaqə kəsilib...

Malik onu da dedi ki, ataları torpaqlarımız işğaldan azad olunnadan sonra rəhmətə gedib. Anaları Adilə xanım isə onun ailəsi ilə bir yerdə Qobuda yaşayır. Deyir ki, anamız oğlunun ölümünü hələ də qəbul etmək istəmir. Hər il anamızı aparırıq Biləsuvardakı Şəhidlər abidə-kompleksinə, şəklinin yanına gül buketi qoyub bununla təskinlik tapırıq. 

Malik bir xoş xəbəri də dedi ki, oğluna Maisin adını qoyub. İdman akademiyasının 4-cü kursunnda hərbi müəllim ixtisası üzrə oxuyur. Özü isə 14 nömrəli forma geyinib voleybol üzrə Milli komandamızda iştirak edir.

Bəli, şəhid Mais Akif oğlu Verdiyevin həyat yolunu qardaşı oğlu Mais davam etdirir, yarıda qalan arzularını da həyatda qazanacağı uğurları ilə yaşadacaqdır./yenisabah/