Şengörün 7,5 bal proqnozuna Yetirmişlidən qəribə cavab:
    • 4-07-2023, 11:43
    • 385

Şengörün 7,5 bal proqnozuna Yetirmişlidən qəribə cavab: "Zəlzələ bölgəsində qızılgül bitməməlidir ki..." - VİDEO

"Zəlzələ bölgəsində zəlzələdən başqa nə olmalıdır? Qızılgül bitməməlidir ki... Zəlzələlər olacaq. O demişdi ki, iyulun 4-ü, gecə 00:02-də zəlzələ olacaq? Bunu demişdi? Mən də deyirəm ki, Yaponiyada, İndoneziyada, Çilidə, İranda zəlzələ olacaq. Olanda da deyəcəklər ki, mən demişdim. Bu, gülüncdür və özümə təhqir hesab edirəm". 

Bunu News24.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli türk alim, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngörün proqnozuna münasibət bildirərkən deyib. 

O bildirib ki, zəlzələ ilə bağlı tam dəqiq proqnoz yoxdur:

"Türkiyədə çox deyirdilər ki, fevralın 6-dan sonra İstanbulda zəlzələ olacaq. 20 milyon əhalisi olan İstanbul gözləsin ki, zəlzələ olacaq? Maarifləndirmə işini güclü aparmaq lazımdır. Şayiələrə, hər deyilən fikirlərə inanmayın. Onların dedikləri şayiədir, dünyada qısamüddətli dəqiq proqnoz yoxdur. Olsaydı bu qədər insan ölərdi?".

Qeyd edək ki, bu ilin may ayında Bakıda səfərdə olan alim Celal Şengör yerli mediaya açıqlamasında demişdi ki,Azərbaycanın seysmoaktiv zonada yerləşir: “Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7,5 bala qədər olma ehtimalı var”.

Celal Şengörün bu sözlərini Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli təkzib etmiş, hətta “o adında biri” haqda heç vaxt eşitmədiyini demişdi: “Soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şəngör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya... Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin”.

Akqabay MIRADOV