"Bu siyasi əlil  xarici dövlətlərin daxili işlərinə qarışmağa vaxt da tapır" — Deputatdan ŞOK AÇIQLAMA
    • 6-07-2023, 11:19
    • 321

"Bu siyasi əlil xarici dövlətlərin daxili işlərinə qarışmağa vaxt da tapır" — Deputatdan ŞOK AÇIQLAMA

"Fransa Prezidenti Emmanuel Makronun bu yaxınlarda Marsel şəhərində erməni icması ilə görüşdə ölkəmizə və Prezidentimizə qarşı səsləndirdiyi fikirlər əsassız və qəbuledilməzdir".

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Millət vəkili bildirib ki, bu, Fransa başçısının siyasi oyuncaq və siyasətdə təsadüfi şəxs olduğunu birbaşa sübut edir:

"Səylərini ölkəsi daxilində sayı-hesabı olmayan problemlərin həllinə yönəltməkdənsə, bu psevdo-siyasətçi Azərbaycana demokratiya, beynəlxalq hüquq və insan hüquqları dərsi keçməyə, ağıl öyrətməyə çalışır. Heç bir şübhə yoxdur ki, Fransa daxilində baş verənlərin, o cümlədən xaosun hökm sürməsinin, proseslərin nəzarətdən çıxmasının, irqçiliyin, müsəlmanlara qarşı nifrətin artmasının,etirazçılara və jurnalistlərə qarşı amansız şiddətin tətbiqinin səbəbkarı məhz Makrondur. Vətəndaşından şillə almış, xarici həmkarları tərəfindən ələ salınan ölkə başçısının hansı hörmətindən, nüfuzundan danışmaq olar?

Fransada baş verən hadisələr üzərində nəzarəti itirən, vətəndaşları ilə dil tapa bilməyən bu siyasi əlil hələ xarici dövlətlərin daxili işlərinə qarışmağa vaxt tapır. Öz məntiqsiz, əsassız, yanlış bəyanatları ilə digər regionlarda gərginliyi artırmağa cəhd edir. Anlamır ki, onun hər bir hərəkəti, sözü, ifadəsi onun siyasətçi kimi tam rüsvay olmasına xidmət edir. Və Fransanın beynəlxalq nüfuzuna bərpa olunmaz xələl gətirir".

Deputat əlavə edib ki, əgər vaxtı ilə Fransa demokratiya və insan hüquqları beşiyi hesab edilirdisə, bu gün Fransa ikili standartlar, irqçilik və zorakılıq mərkəzinə çevrilib:

"Əminliklə demək olar ki, Fransanın V respublika tarixində Emmanuel Makron kimi vətəndaşların tam nifrətini qazanmış və bu qədər hörmətsiz, zəif prezident hələ olmayıb. Məlumdur ki, onun Avropada nüfuzu sıfıra yaxınlaşır, Cənubi Qafqazda hörməti və vasitəçilik rolu isə sıfırdan da aşağıdır. Makronun bəyanatları ilə bağlı ölkəmizin mövqeyi bəllidir. Xarici İşlər Nazirliyi tərəfindən müvafiq bəyanat verilib. Fransa səfiri nazirliyə də çağırılıb və ona etiraz bildirilib, amma bu addımların səmərəsi olacaqmı? Hesab edirəm ki, ölkəmizə qarşı bu cür münasibət davam edərsə, daha ciddi tədbirlər görülməlidir, ikitərəfli münasibətlərimizin bütün spektrına yenidən baxılmalıdır".


Aynurə PƏNAHQIZI