Rusiyanın Qarabağla bağlı mövqeyi anlaşılan deyil - Cümşüd Nuriyev
    • 6-07-2023, 14:55
    • 140

Rusiyanın Qarabağla bağlı mövqeyi anlaşılan deyil - Cümşüd Nuriyev

"Ermənistanın Azərbaycanla toqquşmaya getməsi onlar üçün faciə olar. Çünki onların nə hərbi, nə iqtisadi, nə də maliyyə resursları var. Azərbaycan isə bu varianta da hazırdır. Ona görə də bizi heç kim durdura bilməz. Cənab Prezidentin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə qaldırdığı məsələlər tam yerindədir". 

Bu fikirləri News24.az-a  açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 O bildirib ki, Qarabağ məsələsində Rusiyanın mövqeyi anlaşılan deyil: "Üçtərəfli bəyanatın 1, 4 və 9-cu bəndlərini Rusiya yerinə yetirməlidir. Sözügedən ölkənin rəhbəri bu sənədə imza atıb, ancaq öhdəliklər yerinə yetirilməyib. Qarabağda qeyri-qanuni erməni silahlı qüvvələri hələ də fəaliyyət göstərirlər. Deməli, onlar qarşıdurmada hələ də maraqlıdırlar. Dünən Paşinyan özü də açıq etiraf etdi ki, bu müharibə olmalı idi. Onlar sözlə "Qarabağ Azərbaycandır" deyə bilmirdilər. Azərbaycan hərbi gücü ilə bunu reallaşdırdı. Dünyada Azərbaycana qarşı siyasi qısqanclıq var.  Ölkə başçısı müharibədən sonrakı reallıqları da dünyanın diqqətinə çatdırdı. Cənab Prezident qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün bu addımları atmaq məcburiyyətindədir. Prezidentin əsas məqsədi beynəlxalq hüquqa istinad etməkdir. Biz dünyaya bəyan etdik ki, bəli, bizə qarşı haqsızlıq olub, bu gün də olur, bu haqsızlığı qəbul etmək istəmirik, qəbul etmək iqtidarında da deyilik. 

Azərbaycan Ordusu dünya orduları arasında ilk əlliliyə düşüb. 10 milyonluq bir ölkənin dünyanın ilk 50 güclü ordusu arasında olması çox böyük bir nailiyyətdir. Azərbaycan öz iradəsini, gücünü ortaya qoydu. Azərbaycan öz imzasına, gücünə hörmət edən dövlətdir, dövlət başçısı da bu məsələni gündəmə gətirdi".

Məhərrəm Əliyev