“Qarabağdakı gərginlik Rusiyanın və cənub qonşumuzun istəyidir" – Cümşüd Nuriyev
    • 13-09-2022, 12:03
    • 795

“Qarabağdakı gərginlik Rusiyanın və cənub qonşumuzun istəyidir" – Cümşüd Nuriyev

“Hadisələr həm gözlənilən, həm də gözlənilməyən idi. Çünki Brüsseldə keçirilən dördüncü görüşdən sonra Ermənistanın Baş naziri bir qədər sakit danışırdı. Elə hiss olunurdu ki, artıq Ermənistan Qarabağdakı məsələlərlə barışıb və Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Bir az ritorik danışsaq, həm yanıldıq, həm də yanılmadıq”. 

Bunu News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Ekspert bildirib ki, Ermənistanın ağıllandığını düşündüyümüz üçün yanıldıq: “Ancaq Ermənistanın öz xislətindən əl çəkməməsi ilə bağlı düşüncəmizdə yanılmadıq. Paşinyanın Vladivostok səfərindəki sərsəmləmələri, Putinə yaltaqlanması, o səfərdən sonra bu cür addım atması birbaşa Rusiyanın planıdır. Rusiya yenə imperiya ideyalarından əl çəkmir. Rusiyanın 44 günlük müharibədə yarımçıq qalan qisası var idi, sülhməramlıları Qarabağa yerləşdirsə də, istədiyi kimi onları idarə edə bilmədi. Daha sonra biznesmen Ruben Vardanyanı qeyri qanuni Qarabağa göndərdi. Yekun nəticə kimi bu addımı atdı. Sərhəddəki gərginlik Rusiyanın və cənub qonşumuzun istəyi idi. Onlar uzun müddət idi ki, Ermənistana təsir göstərirdilər. Bu senarini Cənab Prezident əvvəldən gördü. Bu gecə gedən döyüşlərdə Azərbaycan Ordusu müasir texnikadan istifadə edərək sərhədi keçməyi ehtiyac görmədi və öz işini uğurla davam etdirdi”.