Paşinyana müəyyən dairələr "rahat ol" göstərişi verib — Sülh danışıqlarından imtina edilə bilər
    • 7-07-2023, 14:05
    • 280

Paşinyana müəyyən dairələr "rahat ol" göstərişi verib — Sülh danışıqlarından imtina edilə bilər

Ermənistan baş naziri Paşinyanın Zəngəzur dəhlizi ilə əlaqəli son bəyanatı həyasızlığın və erməni xislətinin son halıdır.

Bu sözləri News24.az-a açıqlamasında siyasi-şərhçi Azər Qasımov deyib. Analitikin sözlərinə görə, Paşinyan bu bəyanatı verməklə faktiki olaraq son günlər "Zəngəzur dəhlizinin açılması üzrə razılıqlar əldə olunub" xəbərini alt-üst etdi:

"Hər zaman dediyimiz "bunların hamısı bir oyundur və erməni tərəfi öz xoşu ilə heç bir razılığa gəlməyəcək" fikirlərimizi təsdiqləmiş oldu. Zəngəzur məsələsi əslində Azərbaycan üçün həll edilmiş məsələdir və bunun ikinci yolu yoxdur. Ermənistan "10 noyabr" bəyannaməsinə imza atmaqla maneəsiz hərəkətə razılıq verib. Maneəsiz hərəkət isə dəhliz deməkdir. Bunu inkar etmək Azərbaycana güc yolu ilə bu dəhlizi açıb, sonra isə ona nəzarəti Rusiya FTB-nə vermək şərti ilə səbəb yaradır, çünki bu nəzarətin Rusiya FTB-nə verilməsi müqavilə ilə nəzərdə tutulub". 

A.Qasımov bildirib ki, Paşinyanın bu bəyanatından görünür ki, ona müəyyən dairələr "rahat ol" göstərişi verib:

"Bunun İranın başının altından çıxdığı şübhəsizdir. Sülh müqaviləsi, müxtəlif yerlərdə təşkil edilən görüşlər hamısı vaxt uzatmaq üçün bir vasitədir. Ermənistan ancaq güc dilindən anlayır. Azərbaycan sülh müqaviləsi danışıqlarından imtina edib, "10 noyabr" bəyannaməsinin şərtlərini həyata keçirmək üsulunu seçməlidir. Bu, Ermənistanın məğlub olduğunu isbat edən sənəddir və Ermənistan bu şərtlərə əməl etməyə borcludur. Sülh müqaviləsi danışıqlarında isə Ermənistan özünü bərabərhüquqlu tərəf kimi aparır. Ona görə də şərtlər irəli sürür. Azərbaycan Ermənistanla qalib tərəfin məğlub tərəflə danışdığı dildən danışmalıdır".

Aynurə Pənahqızı