Biznesi olan deputat varmı? — MİLLƏT VƏKİLLƏRİNDƏN AÇIQLAMA
    • 14-07-2023, 16:51
    • 579

Biznesi olan deputat varmı? — MİLLƏT VƏKİLLƏRİNDƏN AÇIQLAMA

Millət vəkili bizneslə məşqul ola bilərmi? Azərbaycan Milli Məclisinin üzvləri sırasında biznesmen deputatlar varmı? Bəzən bir çox media qurumlarında bununla bağlı fikirlər səslənir və cəmiyyətdə də belə fikirlər dolaşır. 

News24.az biz də bu sualla millət vəkilərimizə müraciət etdik.


Milli Məclisin deputatı Rüfət Quliyev
açıqlamasında bildirib ki, onun yeganə biznesi alim olmasıdır:

"Mən nə deyim?! Adamlar ki, deyir, "mənim Ukraynada bizneslərim var", Allah onların ağzından eşitsin! Əlbəttə, olsaydı, çox sevinərdim. Ukraynada olan yeganə biznesim odur ki, Kiyev Milli Universitetinin professoruyam. Orada dərs deyirəm. İndi bilmirəm, bu biznes sayılır ya yox, amma bununla fəxr edirəm. Ümumiyyətlə, nə orada, nə də burada biznesim yoxdur. Mən aliməm. Düzdür, uzun illər uğurlu biznesmen olmuşam, yaxşı layihələr həyata keçirmişəm. Amma bu gün siyasətlə, elmlə bağlı verilişlər hazırlayıram. Hətta indi də iki xüsusi proqramım var: biri "Sahibkar saatı", biri də "Dünya iqtisadiyyatı"dır. Bu, mənim gündəlik məşğul olduğum işlərdir. Bir daha təşəkkür edirəm ki, mənə belə xoş arzular, xoş fikirlər söyləyiblər. Allah ağızlarından eşitsin".

Millət vəkili Elman Nəsirov isə onun biznesini tapanları mükafatlandıracağı ilə bağlı söz verib:
"Doğurdan da, mənim kənd təsərrüfatı sahəsində biznesim varsa və bu bir həqiqətdirsə, sübut etsinlər. Əgər əllərində bunu sübut edən faktlar varsa, ortaya çıxarsın, mən o biznesi notariusla həmin şəxsə verəcəm. Kimin belə iddiası varsa, sübuta yetirsin. Bu olmayacaqsa, həmin adamın heç insanlıqda adı yoxdur. Qeyd edim ki, Azərbaycan Respublikasının qanuna görə, deputatın heç bir biznesi ola bilməz!"

Deputat Tahir Rzayev
da istəyən şəxslərin onun "biznes"lərini götürə biləcəyini qeyd edib:

"Ömrüm boyu biznes fəaliyyəti ilə məşğul olmamışam. Bu gün də məşğul deyiləm. Çox təəssüflər olsun ki, bir neçə dəfə səsləndiriblər ki, guya mənim Mərkəzi Univermaqda qızıl satışı qəbulu məntəqələrim var. Bu, heç bir reallığa əsaslanmır. Yazırlar, qoy yazsınlar. Əgər doğurdan da, o məntəqənin mənim olduğunu təsdiq edəcək faktı varsa, oranı həmin adama hədiyyə edəcəm. Gedib o obyektləri götürə bilər. Ümumiyyətlə, biznesim yoxdur, olmayıb və bundan sonra da olmayacaq!"

Parlament üzvü Fəzail Ağamalı isə övladlarının kiçik biznesə sahib olduqlarını təsdiqləyib:

"Seçkilər dövründə biznesimin olmasıyla bağlı xəbərlər səsləndirildi. Təbii ki, bütün bu xəbərlər feyk idi. Bu xəbərlər də bizi istəməyənlər tərəfindən yayılırdı. Getsinlər, bizneslərimi tapsınlar. Tapanlara hamısını qurban edirəm. Yəni, harada Fəzail Ağamalının biznesi varsa, oranı göstərsin. Amma övladlarımın kiçik biznesləri var. Çünki onlar iş adamlarıdır. Ailəsini dolandırmaq üçün kimsə nəsə etməlidir. Yəni kimi bizneslə məşğul olur, kimi də ailəsini dolandırmaq üçün dövlət qurumunda fəaliyyət göstərir. Əgər qanun çərçivəsində hər şey varsa, burada nə irad ola bilər?! Amma tam səmimi deyirəm ki, Fəzail Ağamalının adına hər hansı bir biznes yoxdur! Bu qanunla da qadağan olunub. Biz millət vəkilləri bizneslə məşğul olmalı deyilik. Başqa adamların nə işinə, nə həyatına, nə fəaliyyətinə qarışmaq niyyətində də olmamışam. Bu, mənim əxlaqıma da, xasiyyətimə də, bütün dünyagörüşümə də ziddir".

Qeyd edək ki, bəzi deputatlarsa bu sualı cavablamaqdan imtina etdilər.