İran telekanallarının icazəsiz yayımı ilə bağlı RƏSMİ AÇIQLAMA
    • 14-07-2023, 17:51
    • 367

İran telekanallarının icazəsiz yayımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın bəzi bölgələrində xarici televiziya və radioların tezliklərinin yerli tezliklərə qarışması probleminin illərdir yazılmasına, müzakirə edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb. Təkcə sərhədyanı bölgələrimizdə deyil, eyni zamanda digər bölgələrimizdə də bu yayımlara rast gəlirik. Belə ki, Qobustan rayonun Sündü kəndində və Şamaxı ərazisində İran telekanalları icazəsiz yayımı müşahidə olunmaqdadır. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən News24.az-a bildirilib ki, digər tezlik zolaqları kimi, televiziya və FM radio proqramlarının yayımlandığı müvafiq tezlik zolaqları da Dövlət Radiotezliklər İdarəsi tərəfindən daim nəzarətdə saxlanılır və mütəmadi radiomonitorinq işləri aparılır. 

"Qeyd etdiyiniz problem xüsusilə mövsümlə əlaqədar olaraq sərhədboyu və yüksək relyefli ərazilərimiz üçün xarakterikdir və bu barədə ətraflı radiomonitorinq nəticələri əsasında məlumatımız var.Televiziya və FM radio  yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq yayım ötürücüləri vasitəsilə təmin edilir. Hava şəraiti və relyefdən asılı olaraq, yayımlar qonşu ölkələrin müəyyən lokal ərazilərində qəbul edilə bilər. Bu hallar bütün dövlətlərin ərazilərində mövcuddur. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya və FM radio proqramlarının yayımı da qonşu ölkələrin ərazisinə nüfuz edir və həmin ölkələrin müxtəlif ərazilərində normal qəbul edilir.

Kənar yayımların respublika ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi və yerli yayımlara maneə yaratmaması istiqamətində bütün qonşu dövlətlərin rabitə administrasiyaları ilə müvafiq işlər aparılır. Aidiyyəti dövlətlərin rabitə administrasiyaları ilə ikitərəfli koordinasiya görüşləri keçirilir, müvafiq proqram təminatları vasitəsilə texniki təhlillər aparılır və bir sıra məsələlər öz həllini tapır. Bu tip yayımlar aşkar edildikdə mütləq şəkildə milli maraqlara, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının qərar və tövsiyələrinə uyğun olaraq aidiyyəti administrasiyalara rəsmi şəkildə məktublar göndərilir, onların aradan qaldırılması üzrə birgə tədbirlər görülür.

Məlumat üçün bildirək ki, ölkə ərazisində yerli radioların yayımının genişləndirilməsi və regionlarda yeni yayımların təşkili üzrə müəyyən texniki təkliflər hazırlanıb və yaxın gələcəkdə icrası nəzərdə tutulur".

Aynurə Pənahqızı