Deputatların yay tətili: Kim harda dincələcək?
    • 20-07-2023, 15:25
    • 188

Deputatların yay tətili: Kim harda dincələcək?

Artıq yay gəlib, Milli Məclisin deputatları tətilə çıxır. Maraqlıdır, deputatlar bu yay tətillərini harada və necə keçirəcəklər? Onlar ölkə xaricinə, ya bölgələrimizə üz tutacaqlar?

News24.az deputatlar arasında sorğu keçirdib.

Deputat Hikmət Babaoğlu bildirib ki, yay tətilini ailəsi ilə birgə ölkədə keçirəcək: “Azərbaycanın istirahət etməli yerləri çox olduğuna görə tətili elə Azərbaycanda keçirəcəm. Gəncə və Qubaya səfər etməyi düşünürəm. Əgər müvafiq qurumlardan icazə ala bilsəm, Kəlbəcər və Laçına da getmək fikrim var”.

Deputat Arzu Nağıyev də yay tətilini ölkə daxilində keçirməyi düşünür: “Yay müddətində Tovuzda, Gədəbəydə və Bakıda olacam".

Millət vəkili Musa Quliyev
belə sorğularda iştirak etməyi sevmədiyinii desə də, yayı Azərbaycanda olacağını bildirib.

Müalicəsi ilə bağlı Türkiyəyə gedəcəyini deyən deputat Vahid Əhmədov qayıtdıqdan sonra ailəsi ilə birgə Qubaya gedəcəyini deyib.

Deputat Musa Qasımlı isə tətilini doğulub böyüdüyü Yardımlıda keçirəcək. 

Millət vəkili Fazil Mustafa artıq Naxçıvandadır: “Hazırda müalicə alıram, amma yay tətilini ailəmlə birlikdə Bakıda keçirəcəm”.

Nərmin Murad