Əri “Toppuş bacı”nın saçını şüşə qabda saxlayır – FOTO
    • 11-05-2024, 22:18
    • 332

Əri “Toppuş bacı”nın saçını şüşə qabda saxlayır – FOTO

“İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhər çıxdım, telefonum da sönüb. Amma əvvəldən demişdik ki, Hökumət Evi deyilən binanın önündə görüşəcəyik. Gec idi, düşünürdüm ki, 2 saata yaxın gecikmişəm, gedib yəqin. Həmin gün də elə bir yağış yağırdı ki, küçə tamam su idi”.

News24.az Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb.

O, aktrisadan qalan əşyalardan bəhs edərək, onun fotosunu paylaşıb:

“Saat 12-yə işləmiş həmin yerə çatdım. Baxdım ki, Tünzalə milli geyimdə məni gözləyir, məclisdən çıxıb gəlib. Göy rəngdə, bəzəkli geyimdə idi. İkimiz də həyəcanlı idik, danışmadan bir-birimizə baxırdıq. Bəlkə, 15 dəqiqə danışmadıq. Sonra dedim ki, keçək yolu. Bulvar tərəfə keçdik, ikimiz də tamam islanmışdıq. Bir az gəzdik, çox danışmadıq. İkimiz də həyəcanlı idik, gecə saat 1 idi. Sagollaşanda qolumdakı sep Tünzalənin geyiminə ilişdi. 10 dəqiqəyə yaxın çıxarmağa çalışdıq. Dedi ki, bu sep elə-belə ilişmədi və getdi. Sonra 9 il heç ayrılmadıq.

Bu gün ömrümdən mənə bir neçə şey yadigar qalıb: əxlaqı, Zəhram, geyimləri, bir-iki əşyası və saç telləri. Şüşədə saxlayıram, cəsarətim çatmır çıxarıb toxunmağa, birdən düşər, tapa bilmərəm. Allaha həmd olsun, ruzimizi verir, dünyadakı günlərim bir-bir gedir. Dünyadakı günlərim çoxalır, sənə qovuşacağım günlər azalır”.

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra ötən ilin yanvarında vəfat edib.