Azərbaycanda qadın və 2 oğlu evə basqın edib qızı oğurladı – TƏFƏRRÜAT
    • 20-07-2023, 16:08
    • 211

Azərbaycanda qadın və 2 oğlu evə basqın edib qızı oğurladı – TƏFƏRRÜAT

Bugünlərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində maraqlı bir işə baxılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, 57 yaşlı qadın və iki oğlu adam oğurluğu cinayətinə görə təqsirləndiriliblər.

Belə ki, Bakıda yaşayan 1966-cı il təvəllüdlü Reyhan Babayevaya (soydlar şərtidir), onun 1999-cu il təvəllüdlü oğlu Fərhada və kiçik oğlu Tofiqə Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, Reyhan ailəsi ilə birgə Bakının Bayıl qəsəbəsində yaşayıb. Böyük oğlu Fərhad öz xalası qızını sevib və onunla ailə qurmaq istəyib. Lakin qız bu evliliyə etiraz edib və xalası oğluna ərə getməyəcəyini deyib. İki dəfə elçiliyə gedən Reyhangil rədd cavabı alıb. Bundan sonra o, iki oğlu ilə birgə bacısının Beyləqan rayonu Təzəkənd kəndində yerləşən evinə gedərək qızı oğurlamaq qərarına gəliblər. Onlar gecə saatlarında gecə saatlarında həyət qapısının açıq olmasından istifadə edərək həyətə girib gənc qızı zorla “Kia ceed” markalı avtomobilə mindirərək qaçırıblar.

Hadisədən sonra həbs edilən Fərhad Babayev bildirib ki, qızın qaçırılmasından xalasının və xalası qızının məlumatı olub. O, xalasının bu işə razı olduğunu və anasına

edərək gəlib qızı aparmalarını deyib. Həmçinin qızın etiraz etməsini onun naz etməsi kimi dəyərləndirib. Təqsirləndirilən şəxs xalasının ərinin şikayətindən sonra xalası qızını Masazırda yaşayan digər xalasıgilə aparıb təhvil verdiklərini deyib.

Yaşadığı evin həyətindən qaçırılan qız isə məhkəmədə zorla qaçırıldığını, amma xalasıgili bağışladığını bildirib:
“Fərhadla aramda heç bir münasibət olmayıb. Onun valideynləri mənim üçün elçi gəlmişdi, lakin onlara Fərhadı istəmədiyimi bildirdim. Ailəm də məni ona vermədi. Hadisə baş verən gün  gecə saatlarında anamın ayaqyoluna getdiyini görüb, onunla birgə mən də həyətə düşdüm. Anam havanın soyuq olduğunu deyib gəlməməyimi tapşırdı, lakin onun sözünə əhəmiyyət verməyərək çölə çıxdım. Çöldə anamı gözləyəndə darvazanın qapısının aralı olduğunu gördüm və qapını bağlamaq istədim. Darvazaya yaxınlaşan zaman çöldə kölgə hiss etdim, qorxdum və geri qayıtmaq istəyəndə xalam Reyhan qolumdan tutub məni çöldəki maşına tərəf dartmağa başladı. Qorxub qışqırmağa başladım, xalam əlləri ilə ağzımı tutdu və darvazanın çölündə dayanan xalam oğlanları Fərhad və Tofiq həyətə girdilər. Məni zorla, sürüyə-sürüyə darvazanın çölünə dartıb maşına əyləşdirib qaçırdılar”.

Qaçırılan qız deyib ki, xalasıgil avtomobillə onu Bakıya gətirib: “Yolda yalvararaq məni aparmamalarını, Fərhadı istəmədiyimi, başqasını sevdiyimi dedim və geri qaytarmalarını tələb etdim. Hətta qapını açıb özümü maşından atmaq istəyirdim. Gecə saatlarında Reyhangilə çatdıq, yenidən Fərhadı istəmədiyimi bildirərək məni geri qaytarmalarını tələb etdim, lakin heç kim mənə məhəl qoymadı. Həmin gün Fərhadın anası Reyhan ilə bir otaqda qaldım. Səhər açılanda halım pisləşdi, buna görə də təcili tibbi yardıma zəng edib həkim çağırdılar. Bir müddət sonra həkim gəldi. O məni müayinə edəndə zorla qaçırıldığımı söylədim. Sonra onlar həkimi çölə çağırdılar və həkim geri qayıdıb dərman verib çıxıb getdi. Sonra məni anamla danışdırdılar və atamın gəlib məni aparacağını dedilər. Bu zaman Fərhadın məni geri qaytarması üçün özümə xəsarət yetirmək qərarına gəldim, stolun üzərində olan şüşə stəkanı götürüb divara vurub qırdım, şüşənin qırıqları ilə sol qoluma xəsarət yetirdim”.

Bundan sonra qızı digər xalasıgilə apararaq təhvil veriblər. Atası oradan onu yaşadığı Beyləqan rayonuna aparıb.
Məhkəmədə zərərçəkmiş qız xalasından və onun oğlanlarından şikayətçi olmadığını deyib.

Buna baxmayaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsi qızın xalası oğlu Fərhada 8 il, onun kiçik qardaşı Tofiqə isə 4 il həbs cəzası verib. Qızın qaçırılmasını təşkil edən xalasına isə 4 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun bədəninə elektron qolbaq taxılıb və üzərinə gecə evdən çıxmaması, ictimai yerlərə getməməsi kimi vəzifələr qoyulub.

Taleh Bağırov