“Prius”lar niyə tez-tez qəza törədir? - Sürücü səhlənkarlığı, yoxsa...
    • 25-07-2023, 11:35
    • 308

“Prius”lar niyə tez-tez qəza törədir? - Sürücü səhlənkarlığı, yoxsa...

Son vaxtlar “Toyota Prius” markalı avtomobillər qəzalarla tez-tez gündəmə gəlir. Ən ağlasığmaz qəzalarda bu avtomobillərin adı hallanır. Hətta bu qəzalar yumor mövzusuna belə çevrilib.

Bəs, “Prius”lar niyə tez-tez qəza törədir? 

News24.az-ın əməkdaşı məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirib ki, problem insan faktorundan qaynaqlanır: “Sürücülər aqreqator kimi smartfonlardan istifadə edirlər və fikir yayınır. Onların təcrübəsiz olması və Bakını tanımaması qəzaların bir başqa səbəbidir”. 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə bu fikirləri bölüşüb: “Bəzən deyirlər ki, bu avtomobilin əyləc sistemində problem var, qəzalar da belə səbəblərdən yaranır. Məncə, bunlar bəhanələrdir. Əyləc sistemində problemin olması dəlalət etmir ki, həmin avtomobil qəza törətsin. Qəzalar birmənalı olaraq idarəetmədən asılıdır. Hər hansı bir nəqliyyat vasitəsinin standartlarına görə dövlətin qəbul etdiyi qaydalar var. Avtomobilin ili, həcmi və s. Avtomobillərin ölkəyə idxalında il qadağaları var. İli yeni olan avtomobilin texniki parametrlərini yoxlamağa ehtiyac yoxdur.  5 ilin avtomobilində çox ciddi problem ola bilməz. Ancaq bütün avtomobilləri dərindən yoxlamaq böyük vaxt tələb edir. Bunun üçün də avtomobili ölkəyə gətirən şəxslər onu yerində yoxlamalıdır”.