Qubaya gedib sevgilisinin evinə qumbara atdı – “ “Tiktok”da tanış olmuşduq”
    • 26-07-2023, 15:30
    • 159

Qubaya gedib sevgilisinin evinə qumbara atdı – “ “Tiktok”da tanış olmuşduq”

Quba rayonunda sevgilisinin evinə qumbara atan və xuliqanlıq əməli törədən şəxs məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Kəlbəcər sakini, 1992-ci il təvəllüdlü Orxan Babayev ötən ilin yayında Xırdalanda N.Məmmədova (şərti) ilə tanış olub.

O, Orxanla bir müddət Xırdalanda, daha sonra Qubadakı evində birgə yaşayıb. 

Orxan Bakıda çalışdığı müddətdə Qubada olan sevgilisinin “Tiktok”a girdiyini görüb və zəng edib ona etirazını bildirib. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisəyə N.Məmmədovanın  qardaşı da qarışıb. Orxanla sevgisi və qardaşı bir-birlərini söyərək təhqir ediblər.

Bundan sonra Orxan dostunun maşını ilə Qubaya yola düşüb. O, özü ilə qumbara və balta götürüb. Qubaya çatdıqda N.Məmmədovanın yaşadığı evə gedərək onunla dalaşıb və evinə qumbara atıb. Lakin qumbara istifadəyə yararsız olduğundan partlamayıb. O. Babayev daha sonra avtomobilə minərək geri qayıdıb və Sumqayıt yaxınlığında polislər tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 221 və 228-ci (xuliqanlıq və qanunsuz silah-sursat saxlama) maddələri ilə cinayət işi açılıb. Orxan Babayev qumbaranı daşlıq ərazidən tapdığını deyib və onun istifadəyə yararsız olmasını əvvəlcədən bildiyini qeyd edib.

Məhkəmədə zərərçəkmiş qadın sevgilisindən şikayətçi olmadığını bildirib.

Quba rayon Məhkəməsinin hökmü ilə 31 yaşlı Orxan Babayevə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun 5 aya yaxın müddətdə həbsdə saxlanması bu cəzadan çıxılıb və üzərinə elektron nəzarət cihazı yerləşdirilib.

Taleh Bağırov