Nəzir qutularına necə nəzarət olunur? AÇIQLAMA
    • 11-08-2023, 18:56
    • 965

Nəzir qutularına necə nəzarət olunur? AÇIQLAMA

Ötən gün Daxili İşlər Nazirliyi Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan şəxsin saxlanılması barədə məlumat yayıb. Paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub.

Bəs görəsən, nəzir qutularına necə nəzarət olunur?


Mövzu ilə əlaqədar News24.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildririb ki, əlbəttə, belə bir halın baş verməsi xoşa gəlməzdir:

"Məscid müqəddəs yerdir, Allahın evidir. Allahın evinə belə bir münasibət bəsləmək özü dinimizə hörmətsiz yanaşmanın göstəricisidir. Eyni zamanda düşünürəm ki, aidiyyatı qurumlar, hətta məscidlər bu kimi halların davamlı baş verməməsi üçün bu prosesə nəzarət etməlidilər. Eyni zamanda hesab edirəm ki, bu bizə bir daha onu deməyə əsas verir ki, artıq ödənişlərin onlayn qaydada həyata keçirilməsi önəmlidir. Bilirsiniz ki, Milli Məclis də bu məsələ ilə bağlı qanunda dəyişiklik etdi. Ona görə düşünürəm ki, bu istiqamətdə belə bir addım atılması və müəyyən tədbirlərin görülməsi daha yaxşı olardı ki, bu cür hallar baş verməsin".

Məsələyə münasibət bildirən İlahiyyatçı Elşad Miri isə nəzir qutularına necə nəzarət olunduğunu bilmədiyini qeyd etdi:

"Faktiki olaraq bu məsələ ömür boyu vergidən ianə adı altında vergi ödənilməyən bir sistem, mexanizim olduğuna görə, bu barədə heç kimin məlumatı yoxdur. Bu günə qədər heç bir hesabat verilməyib. Yəni qapalı bir məsələdir. Faktiki olaraq 1 ilən çoxdur Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə verilməsinə baxmayaraq, onlardan da bu günə qədər bir açıqlama gəlməyib. Onların da başı nəyə qarışıb dəqiq deyil. Bunları müəyyənləşdirsələr müzakirəyə çıxara bilsələr lap əla olar".

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb:

"Sözügedən qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Bir daha vurğulayaq ki, qeyd olunan məsələnin tənzimlənməsi  üçün qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetində hazırlanma mərhələsindədir. Bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir. Proses yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Leyla SƏMƏNDƏR