-
- 25-08-2023, 12:50
- 598
Saxta sənədlərlə 3 milyonu "yeyən" barədə hökm OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. O hadisədə günahı olmadığını deyib və məhkəmədən bəraət istəyib.
Daha sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M. Məhərrəmov 7 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxs Məhərrəm Məhərrəmovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.
İtithama görə, "ŞANS” MTK-nın təsisçisi olmaqla yanaşı faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilən 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Samir Əli