-
- 7-09-2023, 19:12
- 525
Rus bölməsində Azərbaycan dili niyə zəif öyrədilir? - ŞƏRH
Ötən gün keçirilən Elm və Təhsil Nazirliyinin brifinqində Emin Əmrullayev bildirib ki, rus bölməsində Azərbaycan dilinin səviyyəsi yetərli deyil. Bu səbəbdən də həmin məktəblərdə monitorinqlər aparılacaq.
Mövzu ilə bağlı News24.az-a danışan Millət vəkili Nizami Cəfərov bildirdi ki, rus bölməsində oxuyan uşaqlar Azərbaycan dilini zəif bilirlər.
"Amma məsələnin başqa bir tərəfi var ki, rus bölməsində oxuyan uşaqların Azərbaycan dilini zəif bilməsində də müəyyən təbiilik var. Təbii ki, azərbaycanlı uşaqlar, ya başqa millətlərin nümayəndələri, rus bölmısində oxuyursa, Azərbaycan dilinin tədris dili olaraq bir az zəif biləcəklər. Çünki onlar ixtisas fənlərini rusca oxuyurlar. Bu uşaqlar Rus dilini daha yaxşı biləcəklər. Amma bu o demək deyil ki, Azərbaycan dilini bilməməlidirlər. Ümumiyyətlə, dövlət səviyyəsində dil siyasətinin tərkib hissəsi olaraq bu işlərlə ciddi məşğul olmaq lazımdır. Fərqi yoxdur, şagird istər rus, istər ingilis bölməində təhsil alır. Müəyyən səviyyədə Azərbaycan dilini bilməlidir".
Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən 4432 orta təhsil məktəbinin 340-da təhsil tamamilə rus dilindədir.
"Yəni bizim təkcə rus bölməsində 90 minə yaxın şagirdlərimiz var. Hər il Dövlət İmtahan Mərkəzi universitetlərə, kolleclərə olmaq istəyən rus bölməsinin abituriyentlərinə dövlət dilindən imtahan keçirir. Hətta yüksək bal toplayıb Azəbaycan dilindən keçid balı toplaya bilməyən abituriyentlər var. Təbii ki, bu onu göstərir ki, illər ərzində, xüsusən tədris fərqli dillərdə aparılan məktəblərdə Azərbaycan dili aşağı səviyyədə tədris olunub. Azərbaycan dilinin tədris keyfiyyəti rus bölmələrində artırılmalıdır. Burada müəllimlərin peşəkarlıq səviyyəsi aşağıdır. Hal-hazırda rus bölməsində Azərbaycan dilinə ayrılan saat iki saatdır və bu çox aşağıdır. Monitorinqlər təkcə yuxarı siniflərdə yox, aşağı siniflərdə də aparılmalıdır".
Aydan