Ermənistan hücuma hazırlaşır? - Bədəlini ağır ÖDƏYƏCƏK!
    • 8-09-2023, 17:59
    • 320

Ermənistan hücuma hazırlaşır? - Bədəlini ağır ÖDƏYƏCƏK!

Xəbər verdiyimiz kimi, Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq edib. Fransa Xarici Siyasət Departamenti bütün sərhəd boyu əraziləri “təhlükəli zona” olaraq qeyd edib. Diqqətçəkən əsas məqam bu xəritənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin dünən müdafiə naziri Suren Papikyanla görüşündən sonra dərc edilməsidir. İlk baxışdan belə görünür ki, eskalasiya riski haqda məlumatı Papikyan səfirə verib, o da ölkəsini məlumatlandırıb.

Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, sözügedən xəritə Ermənistanın təxribat planının havadarları tərəfindən təsdiqidir:

“Burada məqsəd və məram tam aydındır. Bəzi dövlətlər Ermənistana doğru yol göstərmək, ölkənin hazırkı rəhbərliyinin beynəlxalq hüququn normalarına əməl etmək vərdişlərini aşılamaq əvəzinə onları bir az da şirinikləşdirirlər. Guya Ermənistanın bölgədə çox böyük rola malik olmasını qabardırlar. Bu ölkənin Qərb dövlətləri üçün hansı rolu kəsb etməsini anlamaq olmur. Ermənistanın həmin dövlətlər üçün başağrıdan başqa heç bir əhəmiyyəti yoxdur. Biz İrəvanın addımlara diqqət yetirməliyik. Yayılan həmin xəritələrin heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın heç kimin ərazisində gözü olmayıb və yoxdur da. Biz bunu ən yüksək səviyyədə dəfələrlə bəyan etmişik. Kimsə xəritə dərc edirsə, bu, guya Ermənistana dəstək məqsədilədir”. 

Ü. Cəfərov bildirib ki, Fransanın timsalında bəzi ölkələr guya Ermənistanın “haqq işi”ndə yanında olduqlarını xüsusi olaraq vurğulayırlar:

“Yaxşı olardı ki, bu gün Ermənistana havadarlıq edənlər Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxıb getmələrinə bir fayda verərdilər. Amma bu fayda yoxdur, heç onlar bu məsələni dilə də gətirmirlər. Onların marağındadır ki, toqquşma olsun və bölgədə arbitr rolunu oynasınlar”.

Polkovnik qeyd edib ki, bu prosesin içərisində Rusiya, İran və Fransa da var: 

“Bu minvalla vəziyyət gərginliyı doğru davam edir. Yaxşı olardı ki, Ermənistan və ona havadarlıq edənlər bu hərbi ritorikadan əl çəksinlər. Amma görünən odur ki, onlar bundan əl çəkməyəcəklər. Qoşunları yığmaq, silahlı qüvvələrimizə qarşı hansısa əzələ nümayişi sonda Ermənistan üçün yaxşı sonluqla nəticələnməyəcək. Orada öz təxribatlarına görə Azərbaycanın qarşısına çıxacaq yeganə güc Ermənistan olacaq. Ermənistan da bunun çox acı və ağır bədələni ödəyəcək”.

Akqabay Mıradov