"Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlidir"
    • 8-09-2023, 18:08
    • 124

"Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlidir"

“Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam etdi, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışdı. Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonunda bütün bu cəhdlərində uğursuzluğa düçar olmuş Ermənistan 15 iyun tarixində açıq hərbi təxribat törətdi. Bu təxribatla, sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atdı”.

News24.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib.

“Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi”, - əlavə olunub.

Brifinqdə bu təxribatlara baxmayaraq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün nəzarət-buraxılış məntəqəsindən keçid bu günə qədər davam etdiyi vurğulanıb: “İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistanın 312 sakini 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zəruri malları da özləri ilə gətirməkdədirlər. Beləliklə, iyunun 15-dən Qarabağa heç bir məhsulun ötürülməməsi iddiasının heç bir əsasının olmaması ilə yanaşı, sadəcə həqiqətə uyğun deyil”.