Polşadan Azərbaycana qızıl daşıyan dəstə məhkəmə qarşısında
    • 12-09-2023, 17:22
    • 118

Polşadan Azərbaycana qızıl daşıyan dəstə məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Elçin Dadaşov və Ukrayna vətəndaşı Anton Borodinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini təklif edib.

Məhkəmənin baxış iclası sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, E.Dadaşov və A.Borodin 9 yanvar 2023-cü il tarixdə Varşava-Bakı aviareysi ilə Polşadan Azərbaycana gəldikdən və "Heydər Əliyev" Beynəlxalq Aeroportunda baqajlarını götürdükdən sonra zərgərlik məmulatlarını bəyan etməmək və gömrük baxışından yayınmaq üçün gömrük əməkdaşları tərəfindən çantalarına vurulmuş "qırmızı lenti sökərək həmin zərgərlik məmulatlarını çantalarından çıxarıb. Onlar hərəsi öz gödəkcəsinin cibinə qoyub. A.Borodin E.Dadaşovla birlikdə qeyd edilən zərgərlik məmulatlarını həmin tarixdə, saat 04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Terminal-1" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirib və üzərilərində şəxsi yoxlama aparılarkən qeyd edilən zərgərlik məmulatları onlardan aşkar edilərək götürülüb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Samir Əli