Yaşayış binalarındakı tibb müəssisələri radiasiya təhlükəsi yaradırmı?
    • 18-09-2023, 19:13
    • 281

Yaşayış binalarındakı tibb müəssisələri radiasiya təhlükəsi yaradırmı?

Azərbaycanda radiasiya yayan qurğulara nəzarət məsələsi gündəmə gəlib. Belə ki, byaşayış binalarının alt mərtəbələrində fəaliyyət göstərən özəl klinkaların əksəriyyətində rentgen, kompüter-tomoqrafiya müayinəsi kabinetləri fəaliyyət göstərməkdədir.

Şəhər sakinlərinin bir çoxu yaşadıqları ərazidəki klinikalarda rentgen kabinetlərinin onların yaşadıqları mənzilə yaxın olmasını radiasiya təhlükəsizliyinin pozulması kimi dəyərləndirir, bəziləri isə ümumiyyətlə bununla bağlı narahatlıq  yaşamadıqlarını dilə gətirir.

"Əgər rentgen aparatlarının yerləşdirildiyi otaqlarda təhlükəsizlik qaydalarına tam riayət olunmursa, bu halda insanların sağlamlığı üçün təhlükə yarana bilər".

Bu sözləri News24.az-a açıqlamasında mövzu barədə danışarkən, Milli Elmlər Akademiyasının Radioekologiya laboratoriyasının rəhbəri Famil Hümbətov dedi.

O, bildirdi ki, Azərbaycanda radiasiya təhlükəsizliyi Azərbaycan Respublikasının Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanunla tənzimlənir və bu qanuna əsasən insanların qəbul edə biləcəyi illik şüalanma dozası bir milli zivertə bərabərdir:

"Əgər normativlər tibb müəssisələrində pozulursa, rentgen aparatlarının yerləşdirildiyi otaqlarda divarların qalınlığı qoruyucu təbəqələrin yerləşdirilməsi, xüsusi mühafizə vasitələrindən istifadə şərtləri pozulursa, onda həm pasiyentlər, həm tibb personalı şüalanma dozasının təsirinə məruz qala bilər və bu da onların həyatı üçün risk yarada bilər".

F.Hümbətov qeyd etdi ki, ümumiyyətlə, tibb müəssisələrinin yaşayış binalarının birinci mərtəbəsində yerləşdirilməsi xüsusi təhlükə yaratmır. Əgər rentgen aparatları binaların birinci mərtəbələrində yerləşdirilərsə və həmin otaqlarda xüsusi mühafizə qoruyucu təbəqələr olmasa, bu halda risklər ola bilər:

"Amma təcrübə göstərir ki, adətən rentgen binaların zirzəmisində xüsusi mühafizə tədbirləri həyata keçirilmiş, qoruyucu təbəqələrə malik otaqlarda yerləşdirilir və bu yerləşdirmə icra olunarkən Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən xüsusi icazə alınır və o icazənin tələblərinə uyğun həmin avadanlıqlar yerləşdirilir. Bundan əlavə, bilirsiniz ki, Azərbaycan bəzi beynəlxalq sənədlərə də, beynəlxalq təşkilatların tələblərinə də qoşulub. Xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələbləri, Ümumdünya Səhiyyə Təşkilatının tələbləri və bu tələblərə uyğun ora yerləşdirilirsə və ondan istifadə olunursa, insanların həyatı üçün heç bir təhlükə yaranmaz".

Millət vəkili  Aydın Mirzəzadə isə qeyd etdi ki, bu çox ciddi məsələdir:

"Fövqəladə Hallar Nazirliyinin klinikaların birində aparatların radiasiya şüalanmasının normadan artıq omağı barəsində xəbər cəmiyyətdə müəyyən narahatçılıq doğurdu. Digər klinikalarda aparatların nə dərəcədə bu normaya cavab verməsi məsələsi ciddi surətdə yoxlanılmalıdır. Eyni zamanda, nəzərə alsaq ki, klinikaların bir hissəsi yaşayış binalarının aşağısında yerləşir, bu, həmin yaşayış binalarının sakinləri  üçün təhlükə yarada bilər.

Hesab edirəm ki, əgər bir klinikada belə bir qanun pozuntusu varsa, təcili surətdə bütün klinikalarda bu tip aparatlar, tibbi avadanlıqlar mütləq yoxlanılmalıdır. Hətta birinin belə diqqətdən kənarda qalması xeyli sayda vətəndaşımızın sağlamlığına problem yarada bilər. Amma inanıram ki, dövlətimiz bu məsələni diqqətdən kənarda qoymayacaq və belə hallar təkrarlanmayacaq"

Aydan