Ərdoğandan dünyaya mühüm MESAJ: -
    • 20-09-2023, 12:54
    • 282

Ərdoğandan dünyaya mühüm MESAJ: - "Türkiyə yenə də..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci iclası zamanı bir daha bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır və bunun xaricində heç bir status qəbul edilməyəcək. Ərdoğan bir müddət əvvəl jurnalistlərə açıqlamasında dördtərəfli görüş barədə təklif səsləndirib. O bildirib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir. 

Ərdoğan BMT kimi önəmli tribunadan çıxışı proseslərə necə təsir edəcək?

Mövzu ilə bağlı News24.az-a danışan türkiyəli politoloq Aydın Sezer bildirib ki, Ərdoğanın çıxışı prosesə bir o qədər təsir etməyəcək.

Çünki dünən Entoni Blinken Ermənistanın yanında olduğunu demişdi. Avropa İttifaqı və Birləşmiş Ştatlar da erməni diasporanın təsiri altındadır.

Lakin onlar Azərbaycana qarşı hər hansı addım ata bilməzlər. Onların izahatları yalnız ritorik əsasda qalır. Ermənistanın verdiyi rəsmi açıqlamalarda Qarabağla bağlı müharibəyə girməyəcəkləri aşkarcasına bildirilib. Ötən gün İrəvanda keçirilən nümayişlərdə Rusiya səfirliyinə qarşı da etirazlar olub. Paşinyan bu prosesdən güclü çıxa bilsə, Cənubi Qafqaza sülh gələ bilər. Paşinyan əsas mövqedədir. Üstəlik, onların artıq Ərdoğanla əlaqələri var. Bu məqamda Türkiyə önəmlin rol oynayır və həm Rusiya, həm də Qərblə əlaqəsi var. Prosesdə ən əhəmiyyətli məqam isə Rusiya ilə Ermənistan arasında münasibətlərin bundan sonra hansı istiqamətdə davam edəcəyidir. Paşinyan postunda qalsa, Rusiyanın münasibəti birmənalı olaraq Azərbaycanın xeyrinə olacaq və proses əsasən bundan təsirlənəcək”,- o deyib.

Politoloq qeyd edib ki, Qarabağın Azərbaycan torpağı olduğu hərkəsə bəllidir. Buna şübhə yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təsdiq edib.

“Bu, hətta 1991-ci ildə SSRİ-nin dağılmasından sonra imzalanmış Alma-Ata bəyannaməsində də öz təsdiqini tapmışdı. Hazırki situasiyada ən önəmli məqam Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya məsələsidir. Azərbaycan öz vətəndaşlarına tanıdığı haqqı onlara da tanıyıb. Ərdoğanın BMT-dəki çıxışı daha çox Azərbaycan və Türkiyə xalqına yönəlmişdi”- deyə A.Sezer fikrini yekunlaşdırıb.

Məsələ ilə bağlı fikirlərini bölüşən beynəlxalq əlaqələr üzrə türkiyəli ekspert İsmail Cingöz  isə deyib ki, Ərdoğanın BMT-də çıxışı Ermənistana dəstək olan ölkələrə verilən  mövqelərində dəyişiklik etmələri üçün bir mesaj kimi qəbul edilə bilər.

“Türkiyə prezidentinin açıqlaması ilə Azərbaycanın Ermənistanın qanunsuz silahlı dəstələrinə qarşı başlatdığı anti-terror əməmliyyatlarında Türkiyənin də eyni mövqedə olduğunu bildirir.

Eyni zamanda Azərbaycanı atdığı addımlarda dəstəklədiyini ifadə edir. İkinci Qarabağ müharibəsinin sonlandırılması üçün üçtərəfli bəyannaməyə görə, Ermənistan məğlubiyyətini qəbul etmiş və Laçın koridoru da daxil olmaqla Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazilərinə qədər olan torpaqları təslim etməyi də təsdiq etmişdi. Lakin Paşinyanın Qarabağı Azərbaycanın bir ərazisi kimi tanımağına baxmayaraq Laçın dəhlizi başda olmaqla ərazilərdən geri çəkilmək planı yox idi.  Paşinyan ətrafına havadar toplamaq üçün prosesə Fransa, ABŞ və Avropa İttifaqını cəlb etməyə çalışırdı. Ermənistan həm beynəlxalq müstəvidə Azərbaycana qarşı qətnamələrin qəbulu üçün addımlar atmağa, həm də sərhədə hərbi texnika toplamağa cəh edirdi.Türkiyə liderinin açıqlaması Azərbaycanın anti-terror əməliyyatının Üçüncü Qarabağ müharibəsinə çevrildiyi təqdirdə Ermənistana silah-sursat yardımının edilməməsi yönündə edilən bir çağırış idi”.

İ.Cingözün sözlərinə görə, Paşinyan beynəlxalq sferada dəstək görmədiyi müddətcə müharibə başlatmağa risk edə bilməz: 

“Azərbaycan və Türkiyə beynəlxalq hüquq çərçivəsində öz haqlı savaşlarına davam edəcək. Nəticə etibarilə Ərdoğan vasitəsilə bir daha dünyaya aşkar oldu ki, Türkiyə Azərbaycanın yanındadır”.

Ayşən Rəhim