Bakı sakini DİN və Baş Prokurorluq adından yarım milyon manat dələduzluq edib? - ŞOK FAKTLAR
    • 22-09-2023, 12:10
    • 205

Bakı sakini DİN və Baş Prokurorluq adından yarım milyon manat dələduzluq edib? - ŞOK FAKTLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq-mühafizə orqanları adından istifadə etməklə külli miqdarda dələduzluqda təqsirləndirilən Fəxrəddin Cavanşirovun işi üzrə məhkəmə prosesi keçirilib. 

News24.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib. Bildiriblər ki, F. Cavanşirov onlardan külli miqdarda pul alaraq yaxın qohumlarının barələrində olan cinayət işlərinə xitam verdirəcək, həbsdən azad etdirəcək. Bu məqsədlə F. Cavanşirov 9 nəfərdən ümumilikdə 565 min manat alıb. 

İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 25-nə təyin edilib. 

Baş Prokurorluqdan verilən məlumata görə, barələrində prokurorluq və daxili işlər orqanlarında aparılan cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların yaxınlarından külli miqdarda pul alınmasına dair daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla Fəxrəddin Süleyman oğlu Cavanşirovun Baş Prokurorluğun İstintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə icraata xitam verilməsi və seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə köməklik göstərəcəyini həmin işlər üzrə təqsirləndirilən şəxslərin yaxınlarına yalandan vəd verərək onlardan guya münasibəti olduğu səlahiyyətli vəzifəli şəxslərə vermək adı ilə ümumilikdə 565 min manat məbləğində pulu almasına, bu qanunsuz əməlləri ilə də vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış ilkin sübutlarla Fəxrəddin Cavanşirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Samir Əli