İranın Zəngəzur "dərdinin" ŞOK TƏFƏRRÜATI - Güneyli ekspert AÇIQLADI
    • 5-10-2023, 18:42
    • 509

İranın Zəngəzur "dərdinin" ŞOK TƏFƏRRÜATI - Güneyli ekspert AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvannın Azərbaycanın digər bölgələri ilə arasında əlaqə yaradacaq Zəngəzur dəhlizi layihəsi ilə bağlı İrandan da “müsbət siqnalar gəlməsinin sevindirici” olduğunu söyləyib. 

İran hamıya fayda verəcək və firavanlıq gətirəcək şəkildə nəqliyyat marşrutlarının inkişafında iştirak etdiyini bildirib.

İrandan gələn ilk rəsmi açıqlamada isə Cənubi Qafqazda “qeyri-sabitlik”lə bağlı narahatlıq ifadə edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında: “Ötən həftə Naxçıvandan qayıtdıqdan sonra prezident Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi. Biz nəqliyyat marşrutlarının hər kəsə fayda verəcək və firavanlıq gətirəcək şəkildə inkişaf etdirilməsi ilə razıyıq, ancaq geosiyasi dəyişikliklərə qarşıyıq”, - deyə bildirib.

Kənani Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, lakin  mübahisələrin sərhədlərin dəyişdirilməsi ilə həllinin əleyhinə olduqlarını bəyan edib. 

Türkiyə prezidenti Naxçıvan səfərindən qayıdarkən Zəngəzur dəhlizi ilə bağlı demişdi: "Arzumuz bu yerləri sülh dəhlizinə çevirərək açmaqdır. Türkiyədən gələn qatar Naxçıvandan, Ermənistandan keçərək Azərbaycana gedəcək. Ermənistan bu yolu açmazsa, hardan keçəcək? - İrandan. İran hazırda buna müsbət baxır və buna görə də İrandan artıq Azərbaycana keçmək imkanı ola biləcək”. 

Ərdoğan bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olacağı təqdirdə dəhliz İrandan keçə bilər.

İctimai fəal və siyasi ekspert Məsud Haray mövzu ilə bağlı News24.az-a danışıb. 

O qeyd edib ki,əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajda əslində “topu” İran tərəfə atmaq istəyib.

“Bu, o deməkdir ki, Ərdoğan İranın buna izin verməyəcəyindən əmindir. 

Digər bir məsələ isə başqa dövlətlər güvən baxımından dəhlizin İran üzərindən keçməsinə müsbət baxmayacaqlar. Eyni zamanda İran türklərin üstünlüyünü qəbul etmir. Və bu səbəbdən öz ərazisindən dəhlizin keçməsinə razılıq göstərmir”. 

Ekspertin sözlərinə görə, molla rejiminin siyasətinin kökündə türk düşmənliyi dayanır: “Tehran dəfələrlə Zəngəzur dəhlizini özü üçün “qırmızı xətt” adlandırıb. Heç bir dəyişiklik istəmədiyini bəyan edib. Hərkəsə məlumdur ki, İaran 30 illik işğal dövründə Ermənistanı dəstəkləyib və bu gün də davam edir. İran Azərbaycanın gücünü, müstəqilliyini qəbul etmək istəməyib, çünki qəbul etsə siyasətində köklü dəyişikliklər etməli olacaq”.

M.Haray hesab edir ki, molla rejiminin əsas qorxusu orada yaşayan 40 milyona yaxın azərbaycanlıdır. Ekspert qeyd edib ki, Zəngəzur koridorunun gerçəkləşməsi isə rejimin yox olmağa doğru addımlamağıdır.

“İstər molla rejiminin rəhbəri, istərsə də xarici işlər nazirinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları onların bu prosesə qarşı olduqlarını hər dəfə sübut edir. Bunun həyata keçməməsi üçün İran hətta Ermənistana hərbi qüvvə toplamağa hazırdır. Zəngəzur dəhlizi açılsa belə İran hər vəchlə çalışacaq ki, bölgədə qeyri-sabitliyi təmin etsin”, - deyə o, fikrini yekunlaşdırıb.

Ayşən