Nitq qüsurlarının yaranma səbəbləri - AÇIQLAMA
    • 10-10-2023, 18:05
    • 369

Nitq qüsurlarının yaranma səbəbləri - AÇIQLAMA

Son zamanlar nitq qüsurlu uşaqların sayı artır və inkişaf etməkdə olan uşaqların bəzilərində səs və danışıq pozğunluqları müşahidə edilir.

Bununla bağlı loqoped, defektoloq Sevinc Hüseynova News24.az-la fikirlərini bölüşüb. Müsahibimiz bildirib ki, kəkələmənin yaranmasının 3 əsas səbəbi var:

"Bunlar genetik faktor, hamiləlikdə oksigen çatışmazlığı və kəllə-beyin travmasıdır. Bu ünsürlərdən əlavə sonradan qazanılan kəkələmə də mövcuddur. Gərginlik, əsəb, stress və qorxu kəkələmə yaradan əsas faktorlar hesab olunur".

Loqoped əlavə edib ki, uşaqlarda erkən yaş dövründə sağ və sol beyin yarımkürələri arasında inteqrasiya zəif gedirsə, bu zaman uşaq özünü ifadə və ətraf mühitdə baş verənləri dərk edə bilmir:

"Müalicə kəkələmənin növündən və yaranma səbəbindən asılı olaraq dəyişir. Kəkələmə 90 faiz hallarda nəfəs problemi kimi qeydə alınır. Müalicə zamanı isə ilk növbədə artikulyasiya, yəni ağız aparatının sağlam olub olmadığını yoxlamaq lazımdır. Ümumiyyətlə, son dövrlərdə uşaqlarda ən çox "r" hərfinin deyilməsi daha çox problemlidir". 

Onun sözlərinə görə, kəkələmə olan uşaqlarda sosiallaşma zəif olur:

"Bu, adətən 2-5 yaş dövründə olur. Valideynlərin bu məqamda ən böyük səhvi kəkələyən uşaqların üzərində sosial təzyiq qurmalarıdır. Bugün xüsusən "r" hərfi problemi daha aktualdır.  Bu hərfin 4 yaşına qədər korreksiya olunmaması tövsiyə olunur, çünki bu yaşa qədər düzəlmə ehtimalı yüksəkdir. Əgər bu yaşdan sonra qalıcı xarakter daşıyarsa, loqoped və psixoloqa mütləq müraciət olunmalıdır”.


Psixoloq Ruhiyyə Rüstəmova isə saytımıza açıqlamasında qeyd edib ki, erkən yaşlarından əgər bir uşaqda nitq qüsuru varsa, burada psixoloji problemlərin olma ehtimalı olduqca yüksəkdir. 

Mütəxəssislər sonda uşaqla uşaq kimi danışmağı tövsiyə ediblər. Qeyd olunub ki, hansı yaşda olmasından asılı olmayaraq, uşaqla aydın, səlis danışmaq lazımdır.

 Ülkər ABDURAHMANLI