Ermənistan 8 kəndi qaytarmasa, Azərbaycan hərbi yolla... - DEPUTAT
    • 13-10-2023, 18:25
    • 694

Ermənistan 8 kəndi qaytarmasa, Azərbaycan hərbi yolla... - DEPUTAT

“Nikol Paşinyan Azərbaycan ərazisinin bütövlüyünü və suverenliyini tanıyıb, rəsmi sənədlə ölkəmizin 86, 6 min kvadrat kilometrlik sərhədlərini tanıdığını bildirib. Lakin 30 ildən çoxdur ki, Qazaxın yeddi kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi erməni işğalı altındadır”.

Bu sözləri News24.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tanınırsa, adıçəkilən səkkiz kənd də qaytarılmalıdır: “Bu ərazilər 86,6 min kvadrat kilometrlik əraziyə daxildir. Nikol Paşinyan öz çıxışlarında hansısa anklavlardan söhbət edir, lakin onun istinad edəcək sənədi, faktı yoxdur. Çünki bu absurd bir məsələdir. Vaxtilə ermənilər Azərbaycan torpaqlarını zəbt edərək otlaq sahəsi kimi istifadə ediblər, sonradan çalışıblar ki, onu leqallaşdırsınlar. Bu, heç bir çərçivəyə, beynəlxalq qanunlara sığmır. İstər SSRİ xəritəsində, istərsə də digər xəritələrdə o ərazilərin heç biri Ermənistan ərazisi kim göstərilməyib. Ona görə də onların verdiyi bəyanatlar da absurddur. Ancaq Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi Azərbaycan ərazisi olub və olacaq da. Ermənilər çalışırlar ki, yüksəkliklərin  bəziləri və müxtəlif yerləri öz əraziləri kimi təqdim etsinlər. Bu, heç bir fakta söykənməyən bəyanatlardır”.

A. Nağıyev vurğulayıb ki, ərazilərimiz danışıqlar yolu ilə qayatrılmasa, Azərbaycanın hərbi yolla da işğal altındakı kəndləri geri qaytarmaq imkanı var: “Hesab edirəm ki, bu məsələnin danışıqlar yolu ilə həllini tapması çox yaxşı hal olar. Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, həmin kəndlər də ora daxildir, ona görə də o ərazilər boşaldılmalıdır”.

Ayşən