Vaqif Xaçaturyana ömürlük cəza verilsin - Zərərçəkmiş
    • 17-10-2023, 12:29
    • 174

Vaqif Xaçaturyana ömürlük cəza verilsin - Zərərçəkmiş

Yasamal rayon Məhkəməsinin inzibati binasında Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Daha sonra ittihama münasibət bildirən V. Xaçaturyan özünü ittihamlarda təqsirli bilməyib. 

İş üzrə zərərçəkmiş şəxs İlham Kazımov məhkəmə ifadə verərək bildirib ki,  Vaqif Xaçtrayanı şəxsən tanımır:

"Meşəli kəndinə hücum zamanı orada olmuşam. Bizi ermənilər mühasirəyə aldılar. Körpə uşaqdan tutmuş böyüyə qədər 25 qədər öldürdülər.14 nəfər yaralandı. Onlardan biri də mən. Atam da şəhid oldu. Çünki ovçu idi atam. Vaqifgil bilirdilər ki, atanın atdığı güllə boşa çıxmayıb. O vaxt bizim kənd sakini Nübar Qasımova  gəlib dedi ki, bizi Vaqifin dəstəsi qırdı. Mən onun ömürlük həbsini istəyirəm. Meşəli soyqırımında Badara ermənilərinin hamısı iştirak edib.Nübar Qasımovanın yoldaşı şəhid oldu, özü də ayağından yaralandı. Badarada bundan başqa Vaqif olmayıb. Badarada Vaqif Xaçaturyan bir bu idi. Bundan başqa Vaqif yox idi. Vahid var idi, Vaqif yox".

Zərərçəkən şəxs qeyd edib ki, Meşəlini ermənilər Alazan raketi ilə vurublar:

"Səhər 7-nin yarısı idi. Kəndin aşağısında 3 güllə atıldı. Ondan sonra başımıza güllə yağdırdılar. Ermənilər kəndin Laçına tərəf hissəsi tutulmamışdı. Kəndin bir hissəsi qaçıb canını qurtara bildi, amma əsir götürülənləri öldürdülər. Bu indi burda özünü artistliyə qoyub. Onların komandiri bu olub. Vaqifə ömürlük həbs cəzası verilsin".

Daha sonra zərərçəkmiş şəxs Rəcəbov Şahvələd Kamal oğlu dindirilib. 

O qeyd edib ki, Badara ilə Meşəli qonşu kənddir:

"Əvvəllər normal idə hər şey. 1988-ci ildən sonra bunlar çöndülər. Bizim yolumuz bunların kəndlərindən keçir.Hadisə günü yuxudan durdum ki, kəndi güllə yağmuruna tutdular. Şöbəyə getdim, gördüm ki, orada kəndi müdafiə etmək istədik. Lakin baxdı. ki, şəhidlərimiz vardı. Sağ budumdan mən də güllə yarası aldım, sonra tərpənə bilmədim. Kənddə uşaq, qadın, qoca demədən hamıya qarşı vəhşilik edirdi. Yoldaşım da uşaqlarla qarlı havada oradan çox çətin çıxa bildilər. Mən yaralı olaraq meşəyə çıxdım, gördüm ki, ailəm orada qalıb.   Yoldaşım donvurmadan əlil oldu. Sonra biz başqa yerə keçib, helikopterlə Ağdama gətirdilər. Bu Vaqif Meşəli hadisələrin döyüşlərə rəhbərlik edib, azərbaycanlılara qan uddurub. Bu adam  ömürlük həbs olunmalıdır. Biz bunu tələb edirik".

Xatırladaq ki, iş üzrə Xocalı rayon İcra Hakimiyyəti və 59 nəfər  zərərçəkmiş qismində tanınıb. 

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Vaqif Xaçatryanın üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.


Samir Əli