Erməni lobbisindən Azərbaycana qarşı növbəti TƏXRİBAT
    • 18-10-2023, 15:58
    • 419

Erməni lobbisindən Azərbaycana qarşı növbəti TƏXRİBAT

“Ermənistanın və erməni lobbisinin dezinformasiya maşını Azərbaycana qarşı növbəti kampaniyaya başlayıb. Erməni saytlar İsrailin Qəzza bölgəsini bombalaması və bu zaman mülki insanların qətli fonunda İsrail-Azərbaycan hərbi əməkdaşlığına dair müxtəlif dillərdə şişirdilmiş və həqiqətə uyğun olmayan xəbərlər və analizlər yayımlayırlar”.

News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Azərbaycanın İsraildən hərbi texnika alması və bu ölkəyə neft satması məlum faktdır:

“Bu, bizim təbii haqqımızdır, modern silahlara və enerji resurslarımızı almaq istəyən dövlətlərlə əməkdaşlığa ehtiyacımız var. Erməni saytları buna əlavə olaraq guya İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məlumatları toplayan mərkəzlərin fəaliyyət göstərdiyi barədə saxta “analizlər” yayırlar. Erməni lobbisi bu cür saxta “analizləri” xarici ölkələrdəki bir sıra mərkəzlərin əli ilə yaymağa müvəffəq olur. Məqsəd aydındır. Bu yolla İranda və bir sıra ərəb ölkəsində anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar”. 

Politoloq qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdəki hadisələrə mövqeyi digər sivil ölkələrin mövqeyindən fərqlənmir: “Bölgədə sülh istəyirik, mülki insanların ölümünü, xəstəxanalara və məktəblərə zərbələr endirilməsini pisləyirik və Fələstinin müstəqilliyi ilə bağlı BMT qətnaməsini dəstəkləyirik”.

Akqabay