Ermənilər Xocalıda etiraz çadırları qurdu: məqsəd nədir? - ŞƏRH
    • 14-07-2023, 21:35
    • 1 443

Ermənilər Xocalıda etiraz çadırları qurdu: məqsəd nədir? - ŞƏRH

Xankəndidə mitinqlərə yenidən başlanmasının və Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahı qarşısında etiraz çadırlarının qurulmasının məqsədi nədir və bununla erməni separatçıları nəyə nail ola bilərlər?

News24.az​​​ xəbər verir ki, bu suaıa politoloq Elxan Şahinoğlu cavab verməyə çalışıb.

O bildirib ki, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağ ermənilərinə görə Azərbaycana təzyiq etmir və etməyəcək:

“Separatçılar ümid edirdilər ki, Rusiya Laçın yolunda sərhəd keçid məntəqisinin formalaşmasının qarşısını alacaq. Onların bu ümidləri də puça çıxdı. Separatçılar Birinci Qarabağ müharibəsi dövründəki kimi Ermənistan ordusu və rusiyalı zabit və əsgərlərin dəstəyi ilə Azərbaycan ordusuna qarşı savaş açmaq iqtidarında deyillər, bunu etsələr, əllərindəkini də itirəcəklər. Dövr fərqlidir. Yerdə qalır etirazlar təşkil etmək və bu yolla Kremlin, Vaşinqtonun, digər paytaxtların, o cümlədən beynəlxalq təşkilatların diqqətini cəlb etmək. Çünki anlayırlar ki, zaman onların əleyhinə işləyir, Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan da vurğulayıb ki, Rusiya hərbi kontingentinin Qarabağdan çıxmasına iki il qalıb”.

Politoloq qeyd edib ki, separatçılar sona qədər dirənmək istəyirlər:

“Ancaq bu dirəniş nə onların sosial problemlərini, nə də enerji təhcizatının həllini sürətləndirəcək. Buna baxmayaraq, Rusiya hərbi kontingentinin fəaliyyətini diqqətlə izləməli, separatçılarla sövdələşmələrinin dərinliyini bilməliyik. Rus hərbçiləri rüşvətə meyillidirlər, dünyadakı erməni lobbisinin onları ələ almaq üçün İrəvan üzərindən onlara maliyyə vəsaiti göndərəcəyini istisna etmirəm. Erməni lobbisi Birinci Qarabağ müharibəsi illərində rusiyalı hərbçiləri separatçıların xeyrinə bu yolla ələ almışdılar”.