“Muğan Bank”ın əmanətçilərinin NƏZƏRİNƏ: Kompensasiya veriləcək
    • 19-10-2023, 09:58
    • 307

“Muğan Bank”ın əmanətçilərinin NƏZƏRİNƏ: Kompensasiya veriləcək

“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, “Muğan Bank” Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. "“Muğan Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq" - AMB-dən əlavə edilib.