"Paşinyanın ipi Qərbdəki ünsürlərdədir" - Türkiyəli GENERAL
    • 19-10-2023, 17:15
    • 166

"Paşinyanın ipi Qərbdəki ünsürlərdədir" - Türkiyəli GENERAL

Xəbər verdiyimi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı 2023-cü ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqlayıb.

Məlumdur ki, Paşinyan dəfələrlə bu kimi bəyanatlarla çıxış edib. Lakin iş görməyə gələndə bunun sadəcə boğazdan yuxarı deyilmiş söz olmasının şahidi olmuşuq. 

Bu səbəbdən, hazırda Ermənistanın beynəlxalq tribunalardan Azərbaycana qarşı uydurma ittihamlarla çıxış etdiyi bir vaxtda sülh müqaviləsinin imzalanması nə qədər real görünür?

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz  News24.az-a danışıb.  “Bunun real və səmimi olduğuna bir o qədər inamım yoxdur. Çünki Ermənistan tərəfindən daha öncələr də belə açıqlamalar olub. Bu, Paşinyanın şousudur. Əgər Ermənistan sülh istəyirsə, qeyd-şərtsiz bir şəkildə, təkbaşına, heç kəsin arxasına sığınmadan, birbaşa Azərbaycanla dialoqa keçməli və sülh sazişini imzalamalıdır. Bu üçtərəfli saziş kontekstində də gerçəkləşə bilər. Ən əsası Ermənistan dürüst, açıq və səmimi olmalıdır. Lakin onlar belə deyil, ola da bilməyəcəklər. Ona görə ki, onların ipinin ucu başda diaspora olmaqla Qərbdəki ünsürlərdədir”.

Generalın sözlərinə görə, Paşinyanın dedikləri sadəcə Azərbaycanı "küncə sıxışdırmaq" məqsədi güdür.

Paşinyanın bəyanatları əslində beynəlxalq təşkilatların qarşısında “baxın, biz sülh istəyirik amma Azərbaycan istəmədi...” demək üçün ortaya atılmış bir açıqlamadır. Eyni zamanda bunu bir növ Ermənistanın “dayday”larının onlara qarşı öyrətdikləri manevrlər kimi görürəm.

Sülh müqaviləsinin həyata keçməsi üçün öncəliklə Ermənistan ortaya heç bir vasitəçi qatmamalıdır”, - deyə o, fikrini yekunlaşdırıb.

Ayşən