-
- 19-10-2023, 17:43
- 331
Zəngəzur dəhlizi açılır? - ŞƏRH
Ermənistan Baş naziri Nikol Paşinyan Avropada çıxışı zamanı bildirib ki, Zəngəzurdan keçidlə bağlı proseduru Azərbaycan üçün sadələşdirilə bilər.
“İrəvan ölkələrin suverenliyinə əsaslanan regional kommunikasiyaları blokdan çıxarmağa və Azərbaycandan gələn yüklərin və sərnişinlərin Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etməyə hazırdır”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Ermənistanın Zəngəzur yolunun açılmasına razılıq vermədiyi təqdirdə yolun İran üzərindən keçəcəyini və İranın da bu məsələdə maraqlı olduğunu bildirmişdi.
Paşinyanın bu açıqlamasının Ərdoğanın verdiyi mesajla əlaqəsi varmı?
Mövzu ilə bağlı News24.az-a danışan siyasi şərhçi Sədrəddin Sultan bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Türkiyə və Avropa üçün beynəlxalq əhəmiyyətli deyil:
“Bu, həmçinin Ermənistan üçün həyati vacib bir yoldur. Hazırda Rusiya və Ermənistan arasında münasibətlərin gərgin olduğuna diqqət etsək mənzərə daha aydın olar. Çünki bu iki ölkəni birləşdirən yeganə yol Gürcüstandan keçir. Bu yol isə hava şəraitindən asılı olaraq tez-tez bağlanır. İranla Ermənistan arasında ticarət əlaqələri İrandan keçən yolun həyati vacib hesab edilə biləcək bir səviyyədə deyil. Ermənistanın daha çox Qərblə əlaqə saxlamağa ehtiyacı var. İran isə belə imkanlardan məhrumdur. Odur ki, Zəngəzur dəhlizi Ermənistanı Avropa ilə daha da yaxınlaşdıra bilər. Digər tərəfdən Ermənistan bu yol vasitəsilə Orta Asiya, Çin, Hindistana qədər kommunikasiya qurmaq fürsəti əldə edir”.
S.Sultan hesab edir ki, Ermənistan Zəngəzur dəhlizinin açılacağı təqdirdə Rusiyanın logistik asılılığından da xilas olur.
“Zənnimcə, İran ərazisindən Naxçıvana keçın yol Ermənistan üçün heç nə vəd etmir.
Çünki bu, Azərbaycanın bir bölgəsini digər bölgəsi ilə birləşdirən ərazidir. Ermənistanın bundan istifadəsi imkansızdır. Odur ki, Ermənistan üçün Zəngəzur dəhlizi nicat yoludur. Artıq Ermənistan hakimiyyəti və ictimaiyyəti də bu dəhlizin Ermənistana verəcəyi faydalı təkliflər üzərində düşünməyə başlayır. Hesab edirəm ki, Nikol Paşinyanın açıqlaması Zəngəzurun perspektivinin dərk edildiyi mənasına gəlir”, - deyə şərhçi fikrini yekunlaşdırıb.
Ayşən