-
- 20-10-2023, 13:03
- 201
Milli Məclis Rəqabət Məcəlləsini ikinci oxunuşda QƏBUL ETDİ
"Rəqabət Məcəlləsinin təsdiqi haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
News24.az xəbər verir ki, sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili tərəfindən təqdim olunub.
Məcəllə sahibkarlıq sahəsində hökmran mövqedən sui-istifadənin qarşısını almaq və rəqabət neytrallığının təminatına istiqamətlənməklə yanaşı, həm də sahibkarlıq subyektlərinin işini stimullaşdırmağa imkan verəcək.
Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır.
Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.
Fərid Azəri