Bayramdan əvvəl “səməni saxla məni”, bayramdan sonra zibilliklərdə... – MÖVZU
    • 27-03-2019, 17:29
    • 1 314

Bayramdan əvvəl “səməni saxla məni”, bayramdan sonra zibilliklərdə... – MÖVZU

Folklorşünas: “Köhnə çörəklərin yığılması üçün xüsusi konteynerlərə ehtiyac var”

Azərbaycanda Novruz bayramına hazırlıq təxminən bir ay öncədən başlayır. Evlər təmizlənir, şirniyyatlar bişirilir, səməni cücərdilir..

Təxminən 1 həftə davam edən bayram ab-havasından sonra geriyə qalan mənzərə isə süfrə və xonçalarda yer alan baharın simvolu sayılan yaşıl səmənilərin zibil yeşiklərindəki saralmış halıdır.

Düşünsək ki, səməni buğdadan cücərdilir, o zaman onun zibil qutusuna atılması ruzi-bərəkətə edilən hörmətsizlikdən başqa bir şey deyil. News24.az saytı olaraq bizdə bayramdan sonra səməniləri zibilliklərdə görüb səmənini zibiliyə atmaq olarmı sualına cavab axtarmaq qərarına gəldik.

Deyilir ki, Fatiməyi-Zəhra təndirə bir dənə düyü düşdüyü üçün təndiri sökdürmüş və o düyü dənəciyini götürüb yenidən tikdirmişdi. Bu gün isə buğdadan hazırlanan səməni, hətta köhnəlmiş çörəkləri zibilliklərdə görməyə adət etmişik.

Məsələ ilə bağlı News24.az-a danışan folklorşünas, tarix elmləri doktoru, professor Təvəkkül Səlimov, bu halın heç də yaxşı olmadığını deyir: “Novruz bayramı ilə bağlı Azərbaycanın ayrı-ayrı bölgələrində özəlliklər var. Bəzi yerlərdə səmənini suya buraxırlar. Su aydınlıqdır, paklıqdır. İnsan yuxu görəndə suya danışır. Suyun müqəddəslik mənbəyi olmasını nıəzərə alaraq həmin səmənini suya buraxırlar. Bu, paklığa inam, müqəddəsliyə bel bağlamaqdır. Səməninin kökündə buğda durur.  Buğda həyatın mənbəyi, insanın dolanışığını təmin edən ərzaq məhsuludur. Ona görə də bölgələrimizdə belə edirlər.

Lakin Bakıda və Abşeronda kimlərsə səmənini zibil qutusuna atır. Əslində buğdanın özünün zibil qutusuna atılması yolveriləmzidr. Yəni, çörəyə hansı münasibət varsa, buğdaya da, səməniyə də həmin münasibət olmalıdır. Çox təəssüflər olsun ki, bugünkü gəncliyimiz, orta yaşlı insanlarımız inamı kənara qoyur. Çəngəli, qaşığı çörəklə silirlər. Belə tərbiyənin, dünya baxışının daşıyıcısı olan insanlardan başqa şey gözləmək olmaz. Təbii ki, o, səmənini aparıb ora atmalıdır. Bu artıq onun adətimizin, ənənələrimizin mərasimlərimizin keçirilmə qaydalarını, keçirilmə qaydalarını, müqəddəsliyini qanmamaq deməkdir.

Bakıda bölgələrimizdəki kimi su mənbələri olmasa da həyətdə elə bir yerdə saxlamaq, qurutmaq olar ki, sonradan onu başqa işlərdə istifadə etmək mümkün olsun. Səmənini atmaq, bayrama arxa çevirməkdir. Novruzun birinci simvolunu necə zibil qabına atmaq olar axı?”

Hər şey göyərtidən, cücərtidən başlayır. Hələ eramızdan qabaq Plutarx və digər dahi insanlar Azərbaycanda, Yaxın Şərq bölgəsində səməniyə olan diqqəti o qədər gözəl cümlələrlə təsvir edib ki, biz indiyə baxanda görürük ki, sən demə iki min il öncə səməniyə, adət-ənənələrimizə münasibət daha yaxşı olub.

Hazırda keçəli, kosanı və Novruz atributlarını bəzi savadlı insanlarımız məsxərəyə qoyurlar. Bu haqda məlumatları yoxdur. Hər kəs öz bildiyi işlə məşğul olmalıdır. Yoxsa söz xatirinə çıxıb boş-boş lazımsız sözlər işləmək olmaz. Hazırda bizdə bir çox bayramlarımız dəb xatirinə keçirilir”.
T.Səlimov zibil qablarının ətrafında çörəklərin yığılması üçün xüsusi konteynerlərin olmamasını mənfi hal kimi qiymətləndirib:

“Uşaq vaxtı da, indi də, öz övladlarıma da yolda çörək görəndə öpüb alına qoymağı və daha sonra da özündən hündür yerə qoymağı məsləhət görürəm. Çörəyə hörmət etmədiyimizə görə,  bərəkətə kəm baxdığımız üçün qazancımız çox olur, ruzi-bərəkətimiz az olur. Bəzən insanların pis əməlləri örnəyə çevrilir və biz onların təbliğatçısına çevrilirik”.