"Vaqifə görə evimdən didərgin düşmüşəm" - Zərərçəkmiş
    • 1-11-2023, 11:13
    • 152

"Vaqifə görə evimdən didərgin düşmüşəm" - Zərərçəkmiş

30 ildi Vaqif Xaçatryana görə evimdən didərgin düşmüşəm. 

News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Elşən İbadullayev deyib. O bildirib ki, Vaqif Xaçatryanın dəstəsi onların evini gözünün önündə yandırıb: "Kəndə silahlı hücum elədilər. Bizi evinizdən gülləbaranla çıxardılar, evimizi yandırıb qovdular. Xaçatryana ən ağır cəza verilsin".

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Samir Əli