İpoteka ilə mənzil almaq istəyənlərə şad xəbər
    • 8-11-2023, 20:01
    • 283

İpoteka ilə mənzil almaq istəyənlərə şad xəbər

Bu gün regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir və bu istiqamətdə dövlət tərəfindən müəyyən addımların atıldığı qeyd edilir.

News24.az xəbər verir ki, hesab edilir ki, regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi Bakıya əhali axınını dayandıracaq və əhalinin regionlarda yaşamasını stimullaşdıracaq.

Digər bir məsələ isə regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin mənzil bazarında qiymətlərə hansı formada təsiri ilə bağlıdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, regionlarda ipoteka şərtləri Bakı ilə müqayisədə daha əlçatandır.

"Çünki regionlarda evlərin də qiyməti Bakı ilə müqayisədə aşağıdır. Nəticə etibarı ilə alınan mənzillərə görə aylıq ödənişlərin məbləği vətəndaşlar üçün kifayət qədər əlçatan olur.

Bu başqa məsələdir ki, regionlarda ipoteka götürmək istəyən şəxslərin gəlirləri Bakıdakı səviyyədə deyil, aşağıdır. Eyni zamanda hesab edirəm ki, rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər tətbiq etmək olar”, - deyə R.Osmanlı bildirib.

Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin qiymətlərə təsirinə gəlincə isə R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda verilən ipotekanın 80 faizdən çoxu Bakının payına düşür.

"Burada Abşeron və Sumqayıtı da çıxsaq, ümumi regionların təqribən 7-8 faizlik payı qalır. Bu mənada hesab etmirəm ki, regionlara ipotekada güzəşt tətbiq edilməsi əmlak qiymətlərinə təsir göstərsin.

Əmlak qiymətlərinə təsir göstərməsi üçün bazar şərtləri bu prosesə uyğun olmalıdır. İndiki halda Azərbaycanda qiymət azalması üçün heç bir əsas və şərt yoxdur”, - deyə R.Osmanlı bildirib.

Xatırladaq ki, ipoteka kreditləri hər ilin əvvəlində ayrılır.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min 356 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 833 milyon 541 min 141 manatdır.